Ağdaşlıların seçimi Cənab İlham Əliyevdir

6 Aprel 2018 19:51 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Ağdaş rayon şöbəsi YAP tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağdaş rayonunun səhiyyə işçiləri və eyni zamanda, Qaradeyin və Eymur kənd seçiciləri ilə görüş keçirib.

Görüşü giriş sözü ilə açan YAP Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov Cənab İlham Əliyevin rəhbərliyi ilə son 15 il ərzində həyata keçirilən işlər və qazanılan nailiyyətlər barədə öz fikirlərini bölüşüb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dinamik inkişaf edən, demokratik, sosial-iqtisadi sahədə böyük nailiyyətlər qazanmış və yüksək beynəlxalq nüfuza malik ölkəyə çevrilmişdir. Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi, humanitar mərkəzi statusunu möhkəmləndirmiş, qlobal problemlərin həllində və beynəlxalq münasibətlər sistemini tənzimləyən qərarların qəbulunda ciddi rol oynamağa başlamışdır. C.Osmanov qeyd edib ki, bu günə kimi seçicilərlə keçirilən görüşlər, onu deməyə əsas verir ki, 11 apreldə xalqımız hamılıqla prezidentliyə namizəd Cənab İlham Əliyevə səs verəcək.

Görüşlərdə çıxış edən millət vəkili Sabir Hacıyev bildirib ki, Azərbaycanda əhalinin rifahının yaxşılaşdırılması istiqamətində ölkəmizdə genişmiqyaslı sosial siyasət aparılır. Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, dövlətin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Son illər ölkəmizdə görülən işlərin əsas məqsədi Azərbaycan vətəndaşının rifah halını yüksəltmək, işsizliyi, yoxsulluğu aradan qaldırmaqdır. Əhalinin sosial baxımından, aztəminatlı təbəqəsi daim dövlətin diqqət mərkəzindədir. Millət vəkili seçiciləri 11 aprel prezident seçkilərində fəal olmağa və Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Millət vəkili Elman Nəsirov çıxışında Azərbaycanın qısa müddətdə iqtisadi-siyasi cəhətdən regionun lider dövlətinə çevrildiyini bildirib. Qeyd edib ik, vətəndaşlarımızın sosial rifahının yüksəldilməsi istiqamətində davamlı tədbirlər görülür. Artıq bütün dünya dövlətləri ölkəmizi yaxın tərəfdaş qismində qəbul edir. Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycan mütləq üstünlüklər əldə edib. Bütün bunlar Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezidentimiz tərəfindən uğurla davam etdirilən siyasi kursun uğurlarıdır. Bu uğurların davamı naminə, hər bir seçicini 11 apreldə keçiriləcək prezident seçkilərində Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşlərdə Qaradeyin və Eymur kənd seçiciləri adından Rahilə İsayeva və Əlizadə Yusifov, səhiyyə işçiləri adından çıxış edən Firqət İsayev, Sədaqət Mustafayeva, Xəyalə Cəlilova və Müzəffər Abdullayev bildiriblər ki, ağdaşlılar prezidentimiz İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti ürəkdən bəyənirlər. Bu səbəbdən də onların başqa bir seçimi ola bilməz. Onlar öz seçimlərini bir daha təsdiqləmək üçün ayın 11-ni səbrsizliklə gözləyirlər.

ZÜMRÜD