Binəqədi rayonunun qadın seçiciləri İlham Əliyevə səs verəcəklər

5 Aprel 2018 20:53 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında prezidentliyə namizəd Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Binəqədi rayonunun fəal qadınları ilə görüş keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri, Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşov dövlət başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən və dövlət maraqlarına xidmət edən silsilə uğurlu islahatlardan danışıb. Azərbaycanda iqtisadiyyatın, sosial həyatın, yol infrastrukturunun, nəqliyyat, təhsil, səhiyyə və digər sahələrdən görülən işlər və qazanılan müvəffəqiyyətlərdən danışıb. Qeyd edib ki, ölkəmizin sürətli iqtisadi inkişafı digər sahələrin inkişafına mühüm təsir göstərir və bu inkişaf neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun inkişafına da zəmin yaradır. R.Göyüşov eyni zamanda, cəmiyyətimizdə qadınların fəal iştirakından danışaraq, qadınların hərtərəfli inkişafı, fəallaşması istiqamətində münbit şəraitin yaradıldığını bildirib. Bütün qadın seçiciləri qarşıdan gələn prezident seçkilərində sabitliyimizin, inkişafımızın, xalqımızın ən böyük dəstəkçisi olan Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Milli Məclisin komitə sədri Eldar İbrahimov çıxışında bildirdi ki, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmurudur. Bu fəallıq, Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, onlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər, istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Bu gün respublikamızda dövlət qadın siyasəti, Ulu öndər Heydər Əliyevin bu istiqamətdə əsasını qoyduğu ənənələr ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Prezident İlham Əliyev qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır.

Milli Məclisin komitə sədri Ziyad Səmədzadə görüşdə çıxış edərək bildirdi ki, bu gün Azərbaycan qadınının bütün sahələrin inkişafındakı rolu əvəzsizdir və danılmazdır. Azərbaycan qadınları sözün əsl mənasında qəhrəmandırlar. Onlar ana adını şərəflə daşıyır, övladlarının tərbiyəsində mühüm rol oynayır, eyni zamanda, ictimai-siyasi sahələrdə öz fəallığı ilə seçilirlər. Qadınlarımızın ölkəmizin həyatındakı mövqeyi günü-gündən artır və əldə etdikləri uğurlar hər birimizi sevindirir. Bu gün Azərbaycan qadını təkcə yerli tribunalardan deyil, beynəlxalq tribunalardan da Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fəal rol oynayır. Millət vəkilinin sözlərinə görə, bu gün ölkəmizdə qadınlara göstərilən diqqət və qayğı əbəs deyil. Qadınlarımızı, ana və bacılarımızı daim diqqətdə saxlamaq, onların daha da savadlı, intellektli olması, fəallaşması, sosiallaşması istiqamətində göstərilən dövlət qayğısının tarixi əsəsları var. Belə ki, hələ Azərbaycan Xalq Cümhuriyyətinin dövründə Şərqdə ilk dəfə olaraq məhz Azərbaycan qadınlarına seçki hüququ verilib. Təbii ki, bütün bunlar Azərbaycan qadınının layiq olduğu həyat şəraitidir. Bu gün Azərbaycan qadını ona göstərilən etimadı doğrultmalı, ailələrimizin, övladlarımızın bu günkü kimi azad, firavan, sabit ölkələdə yaşamalarının növbəti illərdə də təmin edilməsi üçün Cənab İlham Əliyevə dəstək olmalı və Prezident seçkilərində fəallıq göstərərək ona səs verməlidirlər.

YAP Binəqədi rayon təşkilatı Qadınlar Şurasının sədri, Aytac Əliyeva çıxışında qeyd etdi ki, Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir. Azərbaycan dövlətinin qadınlarla bağlı həyata keçirdiyi siyasət hər cür ayrı-seçkiliyi aradan qaldıraraq, qadınların bərabər hüquqlarını və imkanlarını təmin etməyə yönəlmişdir. Bu siyasət daimi və dönməz səciyyə daşımaqla bütövlükdə qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verəcək. Müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə qadınlarımıza yüksək qiymət vermiş, bu gün həmin ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan Respublikasının əməkdar artisti, xanəndə Elnarə Abdullayeva çıxış edərək, ölkə başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə mədəniyyətimizin inkişafına göstərilən dövlət qayğısından danışdı və bütün qadınları, qadın həmkarlarını qarşıda gələn prezident seçkilərində Cənab İlham Əliyevə səs verməyə dəvət edib.

Görüşdə çıxış edən bir qrup qadın seçici ölkəmizdə aparılan siyasəti bəyəndiklərini, dəstəklədiklərini bildirərək 11 aprel 2018-ci il tarixdə hamılıqla seçkilərə gedəcəklərini və Cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

ZÜMRÜD