Beyləqanlılar liderinə yenidən etimad göstərəcək

5 Aprel 2018 19:38 (UTC+04:00)

Aprelin-5 də YAP Mərkəzi Seçki Qərargahı Beyləqan rayon şöbəsinin üzvləri rayonun Orta Əlinəzərli kəndində və Şərq qəsəbəsində seçicilərlə növbəti görüşlərini keçiriblər. YAP Beyləqan rayon təşkilatının sədri Rəfael Pəsiyev tədbirlərdə çıxış edərək beyləqanlıları 11 aprel prezident seçkilərində həmişəki kimi fəal olmağa və Azərbaycan dövlətinin inkişafında, onun güclənməsində misilsiz xidmətləri olan ölkə başçısı, YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.

Rəfael Pəsiyev vurğulayıb ki, cənab İlham Əliyevin yenidən Prezidentliyə namizədliyinin irəli sürülməsi sosial sifarişdir. Xalq istəyir ki, ölkəsindəki mövcud əmin-amanlıq, iqtisadi və sosial inkişaf davamlı və əbədi olsun. Bunları isə Prezident İlham Əliyev Azərbaycan dövləti və xalqı üçün son 15 ildə yüksək səviyyədə yaradıb. Bu gün xalqımız yaxşı anlayır ki, hakimiyyətin səriştəsiz və bacarıqsızların əlinə keçməsi ölkəmiz üçün çox ciddi təhlükələr yarada bilər. Ona görə də xalqın alternativsiz lideri məhz cənab İlham Əliyevdir.

Qərargah üzvü Ələmşad Məmmədquliyev bildirib ki, ölkəmizdə əldə olunan möhtəşəm nailiyyətlərin təməlində xalqın öz Prezidentinə inamı dayanır. Bu gün Azərbaycanda yüksək vətəndaş həmrəyliyi formalaşıb və xalq-hakimiyyət vəhdəti mövcuddur. Möhtərəm Prezidentimiz hər dəfə görüşlərdə və müxtəlif tədbirlərdə bütün uğurların təməlində xalqla iqtidarın birliyi olduğunu deyərək, xalqa olan sevgisini ifadə edir. Bu birlik isə bütün problemlərin həllində əsas rol oynayır.

Seçicilər bildiriblər ki, onlar bir nəfər kimi ölkənin qətiyyətli rəhbəri cənab İlham Əliyevə səs verəcəklər.