Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı partiyanın prezidentliyə namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Belə ki, YAP Mərkəzi Seçki Qərargahı Pirallahı rayon şöbəsi növbəti görüşü Çilov adasının seçiciləri ilə keçirib.
Çilov adasının mərkəzi stadionunda seçicilərlə baş tutan mitinq-görüşdə YAP Pirallahı rayon təşkilatının sədri, YAP Mərkəzi Seçki Qərargahının Pirallahı rayon şöbəsinin sədri Hikmət Şikarov, Azərbaycan Milli Məclisinin Səhiyyə komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, tibb elmləri namizədi Musa Quliyev, Azərbaycan Milli Məclisinin deputatı, iqtisad elmləri üzrə fəlsəfə doktoru Tahir Mirkişili , Azərbaycanın Milli Qəhrəmanları Bəxtiyar Allahverdiyev və Vahid Quliyev, YAP fəalları və seçicilər iştirak ediblər.
Qonaqlar ilk öncə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ucaldılmış büstü önünə gül-çiçək dəstələri düzüblər.
Sonra Milli Qəhrəman Ramiz İbrahimovun və digər şəhidlərin xatirəsinə ucaldılmış abidə ziyarət olunub, qarşısına gül-çiçək dəstələri düzülüb.
Mitinq-görüşü sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri, YAP Mərkəzi Seçki Qərargahının Pirallahı rayon şöbəsinin sədri Hikmət Şikarov ölkə Prezidenti, xalqımızın ən etibarlı və alternativsiz lideri Cənab İlham Əliyevin uğurlu siyasətinin növbəti 7 ildə də davam etdirilməsi ilə ölkəmizin qüdrətinin bundan sonra da artacağına əminliyini ifadə edib. H.Şikarov prezident seçkilərinin ölkəmizin inkişaf tarixində vacib rolu və əhəmiyyəti barədə məlumat verərək bildirib ki, müstəqil Azərbaycan gənc dövlət olmasına baxmayaraq zəngin demokratik seçki ənənələrinə malikdir. Aprelin 11-də prezident seçkilərinin də demokratik standartlara uyğun, azad və şəffaf keçiriləcəyini, xalqımızın iradəsini dolğun əks etdirəcəyini bildirən YAP Pirallahı rayon təşkilatının sədri daha sonra YAP-ın namizədi Cənab İlham Əliyevin xalqımız və dövlətimiz qarşısında təkrarolunmaz xidmətləri haqqında da danışıb. O, eyni zamanda bu müddət ərzində əhalinin sosial müdafiəsinin güclənməsinə xidmət edən mühüm layihələrin reallaşdırılması, paytaxtda və regionlarda iqtisadi ehtiyatların səfərbər edilməsi, yeni müəssisələrin və iş yerlərinin yaradılması, insanların layiqli yaşayışının təmin edilməsi üçün görülən ardıcıl işlərdən bəhs edib. H.Şikarov sonda bütün seçiciləri aprelin 11-də fəal olmağa və mütəşəkkillliklə seçki məntəqələrinə gedərək, Yeni Azərbaycan Partiyasının sədri Cənab İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıb.
Çıxış edən YAP Pirallahı rayon təşkilatı idarə heyətinin üzvü, “28 May” Neft və Qazçıxartma idarəsinin rəisi Zaur Bağırov prezident seçkilərinin Azərbaycanın inkişafında böyük əhəmiyyətindən danışaraq Azərbaycan dövləti və xalqının, o cümlədən Yeni Azərbaycan Partiyasının qarşıdan gələn prezident seçkilərinə böyük uğurlarla getdiyini bildirib, Cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın bütün sahələrində misilsiz nailiyyətlər qazanılmasından danışıb, eləcə də Çilov adası seçicilərini partiyanın alternativsiz namizədi İlham Əliyev cənablarına səs verməyə çağırıb.
Sonra çıxış edən Azərbaycan Milli Məclisinin səhiyyə komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev söyləyib ki, Cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşının rifahı, onun inkişafı, gələcəyi üçün uğurlu siyasət həyata keçirir. 11 aprel seçkilərində də Azərbaycan xalqı seçimini müəyyənləşdirəcək və xalq öz alternativsiz lideri olan İlham Əliyevi yenidən Prezident seçəcək.
Azərbaycan Milli Məclisinin deputatı, iqtisad elmləri üzrə fəlsəfə doktoru Tahir Mirkişili çıxış edərək bildirib ki, bu gün ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev əhalinin bütün təbəqələrinin arzularının reallaşması istiqamətində davamlı və qətiyyətli siyasət yürüdür. Onun sözlərinə görə, Azərbaycan qısa müddətdə iqtisadi-siyasi cəhətdən regionun lider dövlətinə çevrilib.
Seçicilər qarşısında çıxış edən Milli Qəhrəmanlarımız Bəxtiyar Allahverdiyev və Vahid Quliyev Cənab İlham Əliyevin rəhbərliyi ilə ötən 15 il ərzində əldə edilən uğurlardan, Azərbaycanda ictimai-siyasi sabitliyin təmin edilməsindən, ölkəmizin milli maraqlarını qoruya bilməsindən, mürəkkəb tarixi bir mərhələdə ətrafımızda terror hadisələrinin, müharibələrin, xaosun baş verdiyi bir vəziyyətdə Azərbaycanı sabitlik adası kimi qoruyub saxlaya bilməsindən danışıblar və seçiciləri fəal olmağa, seçki günü İlham Əliyevə səs verməyə dəvət ediblər.
Daha sonra tədbir tanınmış incəsənət xadimlərinin ifasında bir-birindən maraqlı konsert proqramları ilə davam etdirilib.
Rövşən RƏSULOV