Neftçalalıların seçimi yalnız İlham Əliyevdir

5 Aprel 2018 19:25 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatı təşviqat kampaniyası çərçivəsində Xıllı qəsəbəsinin seçiciləri və eləcə də ilk dəfə səs verəcək gənclərlə görüş keçirib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, seçicilərlə görüşdə çıxış edən YAP Neftçala rayon təşkilatının sədri Anar Cəfərov cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti olduğu müddətdə ölkəmizin iqtisadi inkişafı, çox böyük əhəmiyyət kəsb edən iri layihələrin həyata keçirilməsi, demokratik dəyərlərə söykənən dövlətin yaradılması və inkişaf etdirilməsi, əhalinin yaşayış səviyyəsinin ilbəil yaxşılaşması, bütün bölgələrin sosial-iqtisadi inkişafının təmin olunmasına xüsusi önəm verilməsi məsələlərini konkret faktlarla seçicilərin diqqətinə çatdırıb və bütün seçiciləri aprelin 11-də cənab İlham Əliyevə səs verməyə çağırıb.

Milli Məclisin üzvü Arif Rəhimzadə, rayon seçki qəragahının üzvü Telman Zahidov, YAP Neftçala rayon təşkilatı Gənclər Birliyinin sədri Ülvi Fərzəliyev, qəsəbə sakinləri Muxtar Rəsulov, Ələsgər Ələkbərov, ilk dəfə səs verəcək gənclərdən Sona Haxıyeva cıxış edərək 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarından, həyata keçirilən islahatlardan danışaraq, seçiciləri prezident seçkilərində alternativsiz namizəd olan cənab İlham Əliyevə səs verməyə çağırıb.

İqbal Mikayılov