Zaqatalalılar uğurlu sabahımıza "İlhamla İrəli" deyir

5 Aprel 2018 17:21 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Zaqatala rayon şöbəsi prezident seçkilərində YAP tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Yuxarı Tala və Aşağı Tala seciciləri ilə görüş keçirib. Görüşdə 500 nəfər seçici iştirak edib.

Görüşü giriş sözü ilə açan Zaqatala rayon təşkilatının, rayon şöbəsinin sədri Habil Qurbanov Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə dövlət siyasətinin həyata keçirildiyini, dövrün tələblərinə uyğun sistemli islahatların aparıldığını diqqətə çatdırıb. Rayon təşkilat sədri vurğulayıb ki, ictimai-siyasi və sosial-iqtisadi həyatda mütərəqqi dəyişikliklərin edilməsi, təhlükəsizliyinin, sabitliyin gücləndirilməsi ilə bağlı görülən tədbirlər dövlətimizin qüdrətinin artmasını, xalqımızın əmin-amanlığının və rifah halının yüksəlməsini təmin edib: "Möhtərəm Prezidentin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını ən yüksək səviyyədə təmin edib və bu, davam etməkdədir".

Bütün bunlar bir daha təsdiqləyir ki, dövlət başçısı kimi Cənab İlham Əliyev ötən 15 ildə Ona bəslənən ümidləri doğruldub və Özünü qətiyyətli, praqmatik siyasətçi kimi təsdiqləyib. Rayon təşkilatının sədri "İlhamlı sabahımıza, "İLHAMLA İRƏLİ!", - şüarını bir daha səsləndirərək bütün zaqatalalıları uğurlu gələcəyimizin qarantı İlham Əliyevə səs verməyə çağırıb.

Görüşdə Milli Məclisin deputatları Kamilə Əliyeva və Elşən Musayev çıxış edərək 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının tətbiqi ilə həyata keçirilən islahatlardan danışaraq, seçiciləri prezident seçkilərində alternativsiz namizəd olan Cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüşdə çıxış edən təbliğat qrupunun üzvləri Əsgər Məmmədov, Gülnigar Məmmədova, Kəmalə Əhmədova, Xanım İsayeva, Namidə Süleymanova və başqaları ölkəmizin gündən-günə inkişaf etdiyini, insanların rifah halının yüksəldiyini bildirərək, bu işlərin davamlı olmasını vurğulayıblar. Ona görə də, rayon seçicilərini 11 apreldə Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Cənab İlham Əliyevə səs verməyə çağırıblar.

ZÜMRÜD