Xalq 11 apreldə “İlhamla irəli” deyəcək

4 Aprel 2018 18:57 (UTC+04:00)

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar YAP Mərkəzi Seçki Qərargahının Sabirabad rayon şöbəsi tərəfindən Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat kampaniyası çərçivəsində Cavad kənd mədəniyyət evində Cavad, Həsənli, Əlicanlı, Zəngənə, Narlıq, Yolçubəyli, Türkədi kənd seçicilərilə görüş keçirilib.

Görüşü YAP Mərkəzi Seçki Qərargahının Sabirabad rayon şöbəsinin və rayon təşkilatının sədri Məleykə ağayeva açaraq, Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərin uğurla davam etdiyini bildirib: "Sabirabad rayon seçiciləri həmişə Ulu Öndər Heydər Əliyevin siyasətinin layiqli davamçısı Cənab İlham Əliyevin ətrafında sıx birləşərək, Onun uğurlu siyasətini dəstəkləyiblər. Bölgədə böyük nüfuza malik, iqtisadi və siyasi qüdrətinə görə seçilən, geosiyasi mövqeyinə görə böyük əhəmiyyət daşıyan, dünya dövlətlərinin enerji təhlükəsizliyinin təminatında əvəzsiz rolu olan Azərbaycan dinamik inkişaf edib. Əldə olunan bütün uğurlar möhkəm təmələ əsaslanan Azərbaycanın daxili və xarici siyasətinin məntiqi ifadəsi, YAP-ın prezidentliyə namizədi Cənab İlham Əliyevin xidmətlərinin nəticəsidir". Görüşdə çıxış edən millət vəkili Rüstəm Xəlilov ölkə vətəndaşlarının öz liderinin xidmətlərini yüksək dəyərləndirdiklərini və ona böyük etimad göstərdiklərini bildirib. Siyasi sabitliyi bütün uğurların qazanılması üçün başlıca amil kimi qiymətləndirən Sabirabad seçicilərini də bir daha belə əmin-amanlığı qətiyyəti və siyasi iradəsi ilə qoruyub saxlayan Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Daha sonra çıxış edən millət vəkili Elçin Quliyev bildirib ki, son 15 ilin gerçəklikləri əminliklə söyləməyə əsas verir ki, Prezident İlham Əliyev dövlət başçısı kimi ona bəslənilən ümidləri doğruldub və özünü qətiyyətli və praqmatik siyasətçi kimi təsdiqləyib. Bu baxımdan da, 11 apreldə prezident seçkilərində Sabirabad seçicilərini ölkəmizin gələcəyinə, gələcək inkişafına, Ulu Öndər Heydər Əliyev siyasi kursunun davamına səs verməyə çağırıb. Çıxış edən seçicilərdən Gülbala Əkbərov, Bəybala Mehdiyev, Əzizağa Haqverdiyev və başqaları seçki günü seçimləri ancaq İlham Əliyev olacağını qətiyyətlə bildirdilər.

İqbal Mikayılov