Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatı qarşıdan gələn prezident seçkilərində partiyamızın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Bu gün seçki kampaniyası çərçivəsində Qiyaslı, Zazalı və Tatılı kəndlərində seçicilərlə görüş keçirilib.
Tədbirdə Mərkəzi Seçki Qərargahının Samux rayon şöbəsinin üzvləri Aygün Həsənzadə, Namiq Cəfərov, Gülsəba Abbasova və başqaları seçicilər qarşısında çıxış ediblər. Bildirilib ki, aprelin 11-də ölkəmizdə mühüm bir siyasi hadisə - prezident seçkiləri günüdür. Cənab İlham Əliyevin həyata keçirdiyi layihələrdən, görülən işlərdən, ölkəmizdə aparılan abadlıq-quruculuq işlərindən danışan seçki qərargahının üzvləri ölkəmizdə sosial-iqtisadi sahədə, o cümlədən başqa istiqamətlərdə aparılan dövlət siyasətinin xalqın rifahının yüksəlməsinə yönəldiyini diqqətə çatdırıblar.
Görüşdə vurğulanıb ki, insanlarımız son 15 ildə əldə olunan nailiyyətlərlə yanaşı, əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş sabitliyin Prezident İlham Əliyev tərəfindən qorunmasını yüksək qiymətləndirirlər. Qeyd edilib ki, cənab İlham Əliyevin apardığı çoxşaxəli siyasi fəaliyyət ölkəmizin siyasi-iqtisadi sferada mühüm uğurlara imza atmasını şərtləndirib.
Daha sonra çıxış edən kənd sakinləri son illərdə maaşların, təqaüdlərin davamlı şəkildə artımından razılıqlarını bildiriblər. Qeyd olunub ki, cənab İlham Əliyev Azərbaycan xalqının sevgisini, inamını qazanıb və aprelin 11-də keçiriləcək seçkilərdə də xalqımızın seçimi cənab İlham Əliyev olacaq.