İctimai-siaysi xadim Mirkazım Seyidovun SİA-ya müsahibəsi
- Parlament seçkisi cəmiyyət və xalqımız üçün nə dərəcədə əhəmiyyətə malikdir və seçki öncəsi aparılan təbliğat-təşviqat kampaniyasını necə qiymətləndirirsiniz?
- Parlament seçkiləri hətta prezident seçkilərindən də məsuliyyətli bir seçki növüdür. Prezident seçkilərində ölkə rəhbəri seçilir ki, bu zaman bütün xalqın rəyi üstün götürülür. Parlament seçkilərində isə xalqa məxsus olan bir qanunvericilik orqanı seçilir. Mənim fikrimcə, hər 5 ildən bir keçirilən seçkilər xalqın yüksək əhval-ruhiyyəsində keçməlidir. Hər dəfə yeni parlament seçkiləri gəldikdə düşünürük ki, yeni ideyalar ortaya qoyulacaq, dövlətimizin müxtəlif sahələrində xüsusən gənclərə üstünlük veriləcək. Gənclərin bu gün müasir dünyada ortaya qoyduğu ideyalardan formalaşan parlament də növbəti iş prosesində Azərbaycanın apardığı daxili və xarici siyasətdə önəmli yer tutacaq, qanunlarımız təkmilləşəcək. Təbii ki, bunlar əhalinin əhval-ruhiyyəsinin, rifahının yaxşılşmasına, həm də dövlətimizin güclənməsinə xidmət edəcək. Ancaq təbii haldır ki, hazırda çox ağır keçən parlament seçkisinə təsadüf olunur. Bütün müxtəlif partiyaların, qrupların nümayəndələri ağlasığmaz dərəcədə müxtəlif vədlər verirlər və sanki onlar hakimiyyətə gələcəyi dövrdə yeni Azərbaycan quracaqlarını vəd edirlər.
- Builki seçkilər ötən seçkilərdən hansı xüsusiyyət və keyfiyyətlərinə görə fərqlənir?
- Budəfəki seçkilər demokratikliyin daha bariz, aydın görülməsi ilə fərqlənir. Cənab prezidentin sərəncamı, göstərişi var ki, həm xarici, həm də daxili vətəndaşları üçün məhdudiyyət qoyulmur və onların hər biri seçkilərdə müşahidəçi qismində iştirak edə bilərlər. Bundan əlavə, Mərkəzi Seçki Komissiyasının verdiyi məlumatlardan da aydın olur ki, bu gün 2500-dən çox xarici müşahidəçilərin Azərbaycanda qeydiyyatdan keçməsi, xarici ölkə nümayəndələrinin burada müşahidəçi qismində olması da demokratikliyin bariz nümunəsi və parlıament seçkilərində demokratik prinsiplərin bariz göstəricisidir. Bundan əlavə, bütün seçki dairələrində qeydiyyatdan keçən 33-34 mindən çox fərdi müşahidəçilər bu və digər formada seçkilərin gedişini müşahidə edəcəklər.
İndiki parlament seçkilərini əvvəlkilərdən fərqləndirən bir neçə cəhət var. Belə ki, bu seçkilərdə bərabərhüquqluq daha çox üstünlük təşkil edir. Dövlət və seçki darələri tərəfindən bütün namizədlər üçün bərabər şəraitin təşkil olunması mühüm göstəricidir. Namizədlər İctimai Televiziyada 4 dəqiqə pulsuz efir vaxtın özlərinin platforması və görəcəyi işlər barədə məlumat verirlər.
Ancaq təəssüflər olsun ki, bu parlament seçkilərində bəzi qəribəliklər baş verir. Bu qəribəliklər bəzi hallarda milli-mənəvi dəyərlərimizin toxunmasına gətirib çıxarır. Buna yol vermək olmaz. Müxalifət yönümlü nümayəndələrin çıxışlarında açıq-aşkar çağırışlar, xoşagəlməz çıxışlar olur. Artıq adət halına keçib ki, namizədlər canlı efirdən prezidentə müraciət edir və ondan kömək istəyirlər. Mən bu cür təbliğatın, nümayişin, müraciətlərin əleyhinəyəm. Çünki bunlar onlara verilmiş pulsuz efir vaxtından sui-istifadədən əlavə bir şey deyil. Onlar bu cür cəledici çıxışlarla həm dövlət rəbərliyinin. həm də xalqın diqqətini özlərinə cəlb etmək istəyirlər.
Məncə parlament seçkilərinin özü onun mənsub olduğu xalqın yüksək mədəniyyətinin, həm də mənəviyyatının göstəricisidir. Bu şəkildə xalqa müraciət etmək əxlaqsızlıqdır. Bunları bizim əxlaqı, mədəni adət-ənənələrimizə uyğun forma hesab etmirəm.
-Namizədlərin pulsuz efir vaxtı çıxışlarında tənqidedici fikirlər səsləndirməsi nə dərəcədə düzgündür?
- Mən bu çıxışlar zamanı əksəriyyət namizədlər və Yeni Azərbaycan Partiyasının nümayəndələrindən başqa digər namizədlərin özünün konkret model ortaya qoyduqları "nə etməliyəm" konsepsiyasının şahidi olmadım. Təbii ki, Yeni Azərbaycan Partiyasının xalqın və dövlətin rifahı, qüdrətlənməsi naminə böyük konseptual proqramları var və bu proqramlar ölkəmizi bugünki vəziyyətə, qüdrətli inkişaf dörünə gətirib-çıxarıb.
Bu parlament seçikilərində namizədlərin böyük əksəriyyəti həkimlərdən, müəllimlərdən, iş adamlarından təşkil olunub. Mən bunun əleyhinə deyiləm. 18 yaşına çatmış hər bir kəsin konstitusuion hüquqları imkan verir ki, onlar parlamentdə təmsil olunsun. Amma mən nə YAP-ın, nə də digər partiyaların nümayəndələrinin, o cümlədən bitərəf namizədlərin sırasında bir dənə də olsun sırf fəhlə ailəsindən çıxmış və özüdə fəhlə olan bir insana rast gəlmədim. Bu məni çox təəccübləndirdi. Fəhlələr bu parlamentin bir hissəsi deyilmi, onlar bu qanunvericilik orqanında təmsil oluna bilməzmi? Niyə bir nəfərdə olsun fəhlə bu parlamentdə təmsil olunmur? Bu məni çox düşündürdü. Heç olmasa Yeni Azərbaycan Partiyasının sıralarında qabarlı əlləri ilə bu gün cəmiyyətdə yaşayan və ona xidmət edən bir neçə fəhlənin parlamentdə təmsil olunmasını görsəydim şad olardım. Amma təəssüf ki, bu namizədlər arasında fəhlə görmədim.
Efirdə çıxışları zamanı əksər namizədlər xalqa müraciət edərək onların ən yaxşı deputat olacağını, seçicilərin səsini parlament əsviyyəsində çatıdıracağını təmin edəcəklərini deyirlər. Bununla bütövlükdə razıyam. Düzdür, hər bir deputat öz seçicisinin təmsilçisi, səsi ola bilər. Ancaq bizim namizədlər bilməlidir ki, bu missiyaları həyata keçirmək üçün deputat olmaq lazım deyil. Məsələn, Dağlıq Qarabağ probleminin həlli məsələsində daxili və mənəvi borcumuz bizə yol verməməlidir ki, deputat olandan sonra məhz bu problemlə məşğul olmağa başlayacağıq.
İkinci bir əgər deputat söz verirsə ki, şəhid olmuş şəxslərin ailələrinin bu və ya digər problemlərinin həllində deputat olandan sonra nəsə edəcək, o çox nadan deputatdır. Şəhid ailələrinin sosial problemləri bizim hər birimizin, o cümlədən dövlətimizin problemləridir. Bunun üçün deputat olmaq lazım deyil. Bu bizim mütəmadi, gündəlik problemimiz olmalı və hər birimiz imkan daxilində bu problemləri prezident səviyyəsində və ya öz səviyyəmizdə həll etməliyik.
Bu gün namizədlərin özlərini xalqın fədaisi kimi göstərməsi mənim üçün çaşqınlıqlar yaradır. Digər tərəfdən heç bir hazır və ya seçiləcək deputatların proqramlarında eşitmədim ki, 5 il müddətində konkret olaraq bu deputat nəyə xidmət edir. Bu gün deputatlar əsasən Dağlıq Qarabağ problemini ortaya atmaqla hakimiyyətə gəlmək istəyirlər. Bu ilk növbədə onların deputatlıq yox, vətəndaşlıq borcudur.
Bəzi arqumentlər efirdə səsləndirilir ki, bu da seçicilərin inamsızlığına gətirib çıxarır. Birmənalı şəlildə başa düşmək lazımdır ki, cəmiyyəti bölmək olmaz. Məni narahat edən məsələlərdən biri də budur ki, müxalif yönümlü nümayəndələr tərəfindən ortaya qoyulan problemləri qabardaraq camaatı çaşdırmaq istədikdə indiki deputatlar arqument və ya faktlarla onların cavabını verə bilmirlər. Bu gün müxalif patiyalarının nümayəndələri açıq şəkildə millətin, dövlətin, xalqın mənafeyinin milli-maraqlarının əleyhinə olan çağırışlar edirlərsə, camaatı azdırmaq istəyirlərsə onların zamanda cavabını verən bir namizəd olmalıdır.
Gələcəyə uğurlu addımlarla getməliyik. Elə seçimlərlə getməliyik ki, orada hər bir deputatın nəinki sözlərində, hətta əməlllərində xalqa, dövlətə, millətə məhəbbəti olsun, həm də onun mənəviyyatında milli maraqlarımızın, xalqımızın milli mənafeyi üstün qorunsun. Ən başlıcası isə bu seçiləcək deputatlar özlərində xalqa, millətə təmənnasız xidmət prinsiplərini yaşada bilsinlər və onu inkişaf etdirə bilsinlər. Necə ki, belə örnək yerimiz var. Bu cür prinsipi yaşatmaq, inkişaf etdirmək üçün ümummilli liderimiz Heydər Əliyev var. O, bizim hamımız üçün bir örnək olmalıdır. Biz bu prinsiplərlə, ideologiyalarla yaşamalı, onun təbliğat-təşviqat məsələlərinin bundan sonra da gələcək nəsillərə aşılanması ilə yaşamalıyıq.