Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında rus dramaturqu Qriqori Qorinin "Herostratı unudun" tamaşasının premyerası olub. SİA-nın cənub bürosunun məlumatına görə, ilk tamaşa teatrsevərlər tərəfindən maraqla qaşılanıb.
Tragikomediya janrında yazılan əsərin quruluşçu rejissoru İslam Həsənov, rəssamı Məzahim Qurbanov, musiqi tərtibatçısı Fəraim Fərəcovdur. Tamaşada əsas rolları respublikanın xalq artisti Qabil Quliyev, aparıcı aktyorlardan Sücəddin Mirzəyev, Adil Zeynalov, Şahrud Mehdiyeva, Əlibala Əsgərov, Aynur Əhmədova və başqaları ifa edirlər.
Əsərin mövzusu barədə məlumat verən tamaşanın rejissoru İ.Həsənov bildirb ki, antik dövrdə baş verən hadisələrdən bəhs edən əsər insanları fəlakətə sürükləyən pul hərisliyinin, riyakarlığın qeyri-sivil yolla yox, haqq və ədalət yolu ilə mühakimə etməyin vacibliyini önə çəkir.
Qeyd edək ki, teatr noyabrın sonlarında Ankara şəhərində keçiriləcək Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün Türkiyəyə yola düşəcək.
Festivalda yaradıcı kollektiv M.Xubayinin "Şeytanın oyunları" tamaşası ilə çıxış edəcək.