Azərbaycan xalqının bir lideri var

3 Aprel 2018 20:09 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Lənkəran rayon şöbəsi 11 apreldə keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində bu gün təbliğat-təşviqat qrupunun üzvləri rayonun Vilvan, Şağlaser, Cil, Xarxatan, Separadi və Tükəvilə kəndlərində yaşayan seçicilərlə görüşlər keçiriblər.

Görüşlərdə çıxış edən YAP Lənkəran rayon təşkilatının sədri Möhübbət Babayev seçkilərin mahiyyətindən, ölkəmizdə, eləcə də Lənkəran rayonunda aparılan tikinti-quruculuq işlərindən söhbət açıb.

Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Cavanşir Paşazadə çıxış edərək bildirib ki, cənab İlham Əliyev təkcə Yeni Azərbaycan Partiyasının yox, bütövlükdə xalqın namizədidir: “Çünki cənab İlham Əliyev Azərbaycan xalqının alternativsiz lideridir və cəmiyyət yekdilliklə onun siyasətini dəstəkləyir. İctimai rəyin öyrənilməsi üzrə müxtəlif sosioloji tədqiqat mərkəzlərinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğular da göstərir ki, Prezident İlham Əliyevin fəaliyyəti cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan cəmiyyəti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda əldə edilmiş möhkəm ictimai-siyasi sabitliyi və sürətli iqtisadi inkişafı gələcək tərəqqinin əsası kimi dəyərləndirir. Bu isə Azərbaycanda vətəndaşların dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətə mütləq inam və etimad bəslədiyini göstərir. Əminliklə söyləmək olar ki, cənab İlham Əliyevin yenidən prezident seçilməsi ölkədə həyata keçirilən genişmiqyaslı islahatların və inkişaf siyasətinin uğurla davam etdirilməsinə imkan yaradacaq”.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək bildirib ki, həyata keçirilən davamlı inkişaf nəticəsində Azərbaycanın Ordusu da güclənir, müasir silahlarla təçhiz edilir, döyüş qabiliyyəti artırılır: “Beynəlxalq reytinqlərdə də Azərbaycan Silahlı Qüvvələri bölgənin ən qüdrətli ordusu kimi göstərilir. 2016-cı ilin aprel döyüşləri göstərdi ki, bu il 100 illiyi qeyd olunacaq Azərbaycan Silahlı Qüvvələri şanlı yol qət edərək ən güclülər sırasında yer alır. İnanıram ki, dövlət başçımıza ümumxalq etimadı həm də Ali Baş Komandanımızın qələbəsinə inam olacaq”.

Sonda seçicilər çıxış edərək bildiriblər ki, Azərbaycan xalqının hazırda bir lideri var! Cənab İlham Əliyev!