Azərbaycan dünya miqyasında tanınan ölkəyə çevrilib

3 Aprel 2018 20:08 (UTC+04:00)

Yeni Azərbaycan Partiyasının Lerik rayon təşkilatı 11 apreldə keçiriləcək prezident seçkiləri ilə əlaqədar partiyanın VI qurultayında ölkə Prezidentliyinə namizədliyi irəli sürülən cənab İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyasını davam etdirir.

Kampaniya çərçivəsində bu gün rayonun Qosmalian, Kələxan, Pirasora və Mistan kənd inzibati ərazi dairəsinin seçiciləri ilə görüşlər keçirilib. Görüşlərdə YAP Lerik rayon təşkilatının sədri Cəlil Baxşıyev bildirib ki, cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 15 ilə yaxın müddət ərzində bütün sahələrdə sürətli inkişafa nail olunub, kənd təsərrüfatı, sənaye, rabitə, nəqliyyat və digər sahələr demək olar ki, yenidən qurulub: “Bütün infrastruktur yüksək səviyyədə yenilənib, əhalinin təbii qaz, su və elektrik enerjisinə olan tələbatı tam təmin edilib, əmək haqları, təqaüdlər və sosial müavinətləri artırılıb, ölkədə siyasi sabitlik və əmin-amanlıq təmin edilib, demokratiyanın daha da genişlənməsi sahəsində xeyli işlər görülüb. Təbii ki, bizlər bu inkişafın bundan sonra da davam etməsini istəyiriksə cənab İlham Əliyevə səs verməliyik”.

YAP Mərkəzi Seçki Qərargahı Lerik rayon şöbəsinin üzvü Elxan Qəmbərov çıxış edərək cənab İlham Əliyevin Prezidentliyi illərində Azərbaycanda bütün sahələrdə sürətli inkişafa nail olunduğunu, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində əsaslı tədbirlərin həyata keçirildiyini, ölkənin regionlarının inkişafı sahəsində nəzərdə tutulmuş bütün tədbirlərin icra olunduğunu, tikinti-quruculuq, işlərinin sürətləndiyini, əhalinin yaşayış səviyyəsinin yüksəldiyini və Azərbaycanın dünya miqyasında tanınmış bir dövlətə çevrildiyini diqqətə çatdırıb.

Görüşlərdə çıxış edən kənd sakinləri hər zaman olduğu kimi, bu seçkilərdə də YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.