Zaqatalada zirvə görüşü keçirilib SƏS TV

3 Aprel 2018 19:40 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Zaqatala rayon şöbəsinin təşkilatçılığı ilə prezident seçkilərində YAP-ın namizədi İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Zaqatala şəhər stadionunda zirvə görüşü-mitinq-konsert keçirilib.Toplantıya "İlhamla irəli" şüarları ilə 15 min zaqatalalı seçici böyük ruh yüksəkliyi ilə qatılıb.

Görüşdə YAP Seçki Qərargahının Zaqatala rayon şöbəsinin, rayon təşkilatının sədri Habil Qurbanov çıxış edərək, bildirib ki, bu gün hər bir Zaqatala sakini, bu möhtəşəm toplantıya gələn hər bir kəs ömrünün ən xoş anlarını yaşayır: "Bunu sizin qəlbinizdəki inamdan, gözünüzdəki sevincdən duymaq olur. Böyük ümidləriniz, sevinciniz, alqışlarınız hər birimiz üçün əziz olan, müdrik bir insana - Cənab İlham Əliyevə olan sonsuz məhəbbətin, ehtiramın, sədaqətin ifadəsidir. Ulu Öndərimizin bəşəri ideyalarını uğurla davam etdirən Cənab İlham Əliyev Azərbaycanı sosial - iqtisadi cəhətdən sürətlə inkişaf edən bir ölkəyə çevirməklə bərabər, beynəlxalq aləmdə nüfuzumuzu yüksəldib, dövlətimizi bütün dünyada tanıtdırıb, ölkədə ictimai-siyasi sabitlik hökm sürür, vətəndaşların təhlükəsizliyi, firəvan həyatı üçün nə varsa həyata keçirib. Məhz buna görə də, Cənab İlham Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzolunmaz fəaliyyəti, hesabagəlməz xidmətləri nəzərə alınaraq, Onun Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyi irəli sürülüb və sözsüz ki, bu təklif bütün xalqın, dövlətimizi azad və xoşbəxt görmək istəyən hər bir kəsin ürəyindəndir. Qürurla demək olar ki, Zaqatala bu gün respublikanın ən inkişaf edən, tanınmaz dərəcədə dəyişən və ölkənin iqtisadi həyatında öndə gedən rayonlardan biridir".Rayon şöbəsinin sədri seçiciləri yüksək fəallıq göstərərək, prezident seçkilərində Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Tədbirdə millət vəkili Kamilə Əliyeva, Elşən Musayev çıxış edərək, Cənab İlham Əliyevin rəhbərliyi altında son 15 il ərzində həyata keçirilmiş işlər və qazanılmış uğurlu nailiyyətlər barədə öz fikirlərini bölüşüblər və seçiciləri 11 aprel 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyasinın namizədi İlham Əliyevə səs verməyə səsləyiblər.

Tədbir Azərbaycanın görkəmli incəsənət xadimlərinin iştirakı ilə geniş konsert proqramı ilə başa çatıb.

ZÜMRÜD