Binəqədi gəncləri "İlhamla irəli" deyir

2 Aprel 2018 19:23 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında prezidentliyə namizəd Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində gənc seçicilərlə görüş keçirilib. Görüşdən öncə iştirakçılar rayon təşkilatı tərəfindən hazırlanmış və Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası zamanı təqdim edilən videoçarxlara baxıblar. Qeyd edək ki, videoçarxlarda dövlət başçısı, YAP-ın Sədri Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə görülən işlər, eləcə də, Binəqədi rayonunda həyata keçirilən uğurlu islahatlardan bəhs edilib.

Daha sonra görüş rəsmi hissə ilə davam etdirilib. Görüşü giriş sözü ilə açan YAP Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşov bu ilin 11 aprel tarixində ölkəmizdə keçiriləcək prezident seçkilərində YAP tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin uğurlu təbliğat-təşviqat kampaniyasından danışıb. Rayon təşkilatının gənclərlə görüşə önəm verdiyini, gənclərin ölkəmizin inkişafı və çiçəklənməsi yolunda uğurlu fəaliyyətini xüsusi vurğulayıb. R.Göyüşov çıxışının sonunda bütün gənc seçiciləri seçkilərdə fəal iştirak etməyə və Cənab İlham Əliyevin uğurlu siyasətinə səs verməyə çağırıb.

Tədbirdə Milli Məclisin deputatı Kamaləddin Qafarov çıxış edərək Azərbaycanda gənclərin hərtərəfli inkişafı - siyasi, ictimai, mədəni, idman, elm və beynəlxalq arenalarda ən yüksək səviyyədə təmsil olunmaları, onların bilikli, təhsilli, bacarıqlı gənclər olaraq yetişmələri, həyat şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində dövlət başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlər və həyata keçirilən islahatlar haqqında məlumat verib. Prezident İlham Əliyevin siyasi fəaliyyətinin bütün dövrlərində ölkə gənclərinə daim diqqət və qayğı ilə yanaşdığını bildirərək, gənclərimizi onlara olan bu inamı, etimadı doğrultmağa, prezident seçkilərində Cənab İlham Əliyevə səs verməyə dəvət edib.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxışında ölkə Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında gənclərə göstərilən dövlət qayğısından danışıb. Gəncləri dövlət başçısının ətrafında sıx birləşməyə, daha güclü və müstəqil Azərbaycan naminə Cənab İlham Əliyevə səs verməyə çağırıb.

"İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov çıxışında gənclər siyasəti çərçivəsində görülən işlərdən danışıb. M.Seyidov gəncləri onlar üçün yaradılan şəraitdən səmərəli və məhsuldar istifadə edərək, İlham Əliyevə səs verməyə çağırıb.

YAP Binəqədi rayon təşkilatı gənclər birliyinin sədri Fəsli Nəbiyev çıxışında bütün gəncləri müstəqilliyimizin əbədiliyi, dönməzliyi, ölkəmizin inkişafı, çiçəklənməsi, xalqımızın xoşbəxt gələcəyi naminə "İlhamla irəli" deyərək, seçkilərdə fəal olmağa və Cənab İlham Əliyevi dəstəkləməyə səsləyib.

Görüşüdə çıxış edən gənc seçicilərdən - Zəhra Əliyeva, Zaur Quliyev və başqaları gənclərin sərbəst fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını bildiriblər. Bu sabitliyi, əmin-amanlığı yaradan dövlət başçısı Cənab İlham Əliyevə daim dəstək olacaqlarını və sabitliyə, inkişafa səs verəcəklərini söyləyiblər.

ZÜMRÜD