Qaxda təbliğat- təşviqat kampaniyası uğurla davam edir

2 Aprel 2018 19:01 (UTC+04:00)

Qax rayonunda Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Qaşqaçay, Aşağı Malax və Armudlu kəndlərinin seçiciləri ilə görüş keçirilmişdir. Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Qax rayon seçki qərargahının təbliğat-təşviqat qrupunun üzvləri iştirak etmişlər. Təbliğat qrupunun üzvlərindən Rasim Məmmədov, Sevil Əsgərova, Güllü Əhmədova seçicilər qarşısında çıxış edərək, qeyd etdilər ki, 2003-2018-ci illər ərzində Azərbaycan dövləti sürətlə inkişaf edərək, regionun lider dövlətinə çevrilmişdir: "Bu inkişafda Cənab Prezident İlham Əliyevin yorulmaq bilməyən, gərgin əməyi, fəaliyyəti danılmazdır. Azərbaycanda elə bir şəxs olmaz ki, bu inkişafı öz həyatında hiss etməsin. Azərbaycanın bütün rayonlarında, bölgələrində, içərisində Qax rayonu da olmaqla, böyük quruculuq-abadlıq işləri həyata keçirilib. İnsanların həyat səviyyəsi günü-gündən yaxşılaşır, əmək haqları, pensiyalar və müavinətlər hər il artırılır. Bu proses Cənab Prezidentimiz tərəfindən davam etdirilir və əminliklə deyə bilərik ki, növbəti illərdə də davam etdiriləcəkdir".

Çıxış edənlər seçiciləri 11 apreldə bu inkişafın davamına səs verməyə çağırdılar.

Görüşdə çıxış edən kənd sakinlərindən Ruzigar Cəlilov, Nizami Yunusov, Zəminə Babayeva, Bədrəddin Məmmədov və başqaları Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən siyasətdən razılıqlarını bildirdilər və 11 aprel seçkilərində Cənab İlham Əliyevə səs verəcəklərini söyləyiblər.

Zümrüd