Mərkəzi Seçki Komissiyanın (MSK) sədri Məzahir Pənahov və rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov seçki zamanı məntəqələridə quraşdırılan veb-kameralara texniki baxış keçirib. SİA-nın məlumatına görə, Əli Abbasov MSK-nın rabitə texnologiyaları ilə bağlı bütün işlərin yüksək səviyyədə olduğunu bildirib.
O qeyd edib ki, bu nəzarət sistemləri ilə bütün informasiyaların internet və mobil telefon vasitəsi ilə mübadilə olunmasına imkan verəcək. Elektron səsvermə ilə bağlı cəmiyyətdə yaranan çaşqınlığa toxunan nazir bildirib ki, bu ilk növbədə ictimai fikrin öyrənilməsidir: "Bu QHT-nin keçirdiyi sorğudur və heç bir rəsmi hüquqi qüvvəsi yoxdur. Dünyanın bir çox inkişaf edən ölkələrində də bu cür keçirilir. Bu sanki exit-pol vəzifəsini yerinə yetirir".
Daha sonra Məzahir Pənahov qeyd edib ki, seçki məntəqələrinə nəzarət edilməsi seçkinin demokratik və şəffaf keçirilməsi üçün mühüm əhəmiyyət kəsb edir: "Mübaliğəsiz demək olar ki, birinci belə bir addımı Azərbaycan atır. Bu müasir texnologiyanın ən son nailiyyətlərindən istifadə etmək deməkdir. Seçki günü 500 seçki məntəqəsində səsverməni internet vasitəsi ilə dünyada izləmək mümkün olacaq. Veb-kameralar Bakı şəhərinin 11 rayonunu, respublikanın 37 bölgəsini, Naxçıvan MR-nın isə 8 bölgəsini əhatə edir".
Müxalifət partiyasının seçki saxtakarlığı ilə bağlı səslənən fikirlərinə və müxalifətdən olan bəzi namizədlərin namizədlikdən imtina etməsinə toxunan MSK sədri bildirib ki, burada qeyri-adi heç nə yoxdur: "Bu bütün dünyada rast gəlinən bir haldır. Bütün namizədlər nə qədər uğur qazanacağını ölçüb-biçərək buna uyğun addımlar atır. Başqa məsələ odur ki, siyasi partiyalar bu məsələdən istifadə edərək növbəti addımlar üçün divident qazanırlar".