Sabahdan 5 gün ərzində "Sərhədçi" İdman Olimpiya Mərkəzində Helsinki Olimpiya Oyunlarının gümüş mükafataçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş Respublika turniri, noyabrın 11-13-də isə gənclər arasında "Hünər meydanı" Respublika turniri keçiriləcək. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hər iki turnirin nəticələrinə əsasən yeniyetmə və gənclərdən ibarət yunan-Roma, sərbəst və qadın güləşi üzrə yığma komandaların heyəti müəyyənləşəcək.
Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş Respublika turnirində 05-06 noyabrda sərbəst güləşçilər, 08 noyabrda turnirdə ilk dəfə iştirak edəcək yeniyetmə və gənc qızlar öz aralarında ən güclüləri müəyyən edəcək. Noyabrın 09-10-da isə yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaq. "Hünər meydanı" Respublika turnirinin proqramına əsasən, noyabrın 11-12-də yunan-Roma güləşçiləri, 12-13-də isə sərbəst güləşçilər mübarizə aparacaq.
Turnirlərdə ilk üç yeri tutan idmançılar medal və diplomlarla, həmçinin pul mükafatı ilə təltif olunacaqlar. Qalib və mükafatçılar yığma komandaların heyətinə cəlb ediləcək və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanacaqlar.
Yarışların proqramına əsasən, noyabrın 4-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində saat 16.00-da güləşçilərin çəki prosesi həyata keçiriləcək. Turnirin rəsmi açılış mərasimi noyabrın 5-də, saat 17.00-da gerçəkləşəcək.
05.11.2010 -- İlkin görüşlər 10.00-14.00, Açılış mərasimi 17.00, Finallar 17.30-20.00
06.11.2010 -- İlkin görüşlər 10.00-14.00, Finallar 16.00-19.00
07.11.2010 -- PARLAMENT SEÇKİLƏRİ
08.11.2010 -- İlkin görüşlər 14.00-18.00, Finallar 18.00-20.00
09.11.2010 -- İlkin görüşlər 10.00-16.00, Finallar 17.00-19.00
10.11.2010 -- İlkin görüşlər 10.00-16.00, Finallar 17.00-19.00
11.11.2010 -- İlkin görüşlər 10.00-16.00, Finallar 17.00-19.00
12.11.2010 -- İlkin görüşlər 10.00-16.00, Finallar 17.00-19.00
13.11.2010 -- İlkin görüşlər 10.00-14.00, Finallar 18.00-20.00