Qubalı seçicilər firavanlığa və sabitliyə səs verəcəklər

2 Aprel 2018 16:23 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Quba rayon şöbəsi Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Qəçrəş, İspik inzibati ərazi dairələrindən olan seçicilərlə görüş keçirib.

Görüşdə YAP Mərkəzi Seçki Qərargahı Quba rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Yusif Abidov çıxış edərək qeyd edib ki, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu, qətiyyətli siyasət, həyata keçirilən makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksəlməsinə səbəb olub. Bildirib ki, ayrı-ayrı dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi Azərbaycanın sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla, ölkənin iqtisadi inkişafında və əhalinin rifah halının yaxşılaşdırılmasında getdikcə mühüm rol oynayır. Rayon təşkilat sədri Cənab İlham Əliyevin növbəti illərdə də Azərbaycana rəhbərlik etməsi ilə inkişaf və tərəqqimizin daha da artacağını, ölkəmizin daha yüksək qələbələrə imza atacağını nəzərə çatdıraraq seçiciləri partiyanın namizədinə səs verməyə çağırıb.

Görüşdə "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış edərək vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyası son 15 il ərzində Ümummilli Liderin siyasi kursunun Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsi olaraq daha da inkişaf etdirilib, zənginləşdirilib, təkmilləşdirilib. İqtisadi inkişaf, yoxsulluq səviyyəsinin azalması ilə yanaşı, ölkənin simasının dəyişdirilməsi, müasirləşməsi sahəsində möhtəşəm layihələr həyata keçirilib. Bildirib ki, paytaxt Bakı şəhəri ilə yanaşı, regionlar da inkişaf etdirilmiş, insanların yaşamaq və işləmək şəraiti kökündən yaxşılaşdırılmışdır.

B.Quliyev məhz sadalanan faktları nəzərə alaraq Quba seçicilərini növbəti dəfə Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevə etimad göstərməyə çağıraraq inkişafa, firavanlığa və sabitliyə səs vermiş olacaqların bildirib.

Görüşdə rayon aqsaqallar şurasının sədri Həsən Günəşli və başqaları çıxış edərək qeyd ediblər ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

Seçicilər 11 apreldə keçiriləcək prezident seçkilərində partiyanın nəamizədi Cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Nəzakət ƏLƏDDİNQIZI