2 aprel - Beynəlxalq Uşaq Kitabı Günü F.Köçərli adına Respublika Uşaq Kitabxanasında da qeyd olunub. Kitabxanada beynəlxalq uşaq kitabı gününə həsr olunmuş kitab sərgisi açılıb. SİA-nın məlumatına görə, kitabxananın direktoru, Əməkdar Mədəniyyət İşçisi Şəhla Qəmbərova bu günün əhəmiyyətindən danışıb.
Bildirib ki, 1805-ci il aprelin 2-də uşaq ədəbiyyatının inkişafında əvəzsiz rolu olan danimarkalı yazıçı Hans Xristian Andersen anadan olub. 1967-ci ildən etibarən yazıçının doğum günü Uşaq Kitabları üzrə Beynəlxalq Şuranın təşəbbüsü ilə bütün dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunmağa başlayıb. Məqsəd isə uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaq və diqqəti uşaq kitabının nəşrinə yönəltməkdir. Bununla yanaşı, oxucuların informasiya tələbatının ödənilməsi üçün onları son nəşrlərlə tanış etmək və məlumatlandırmaqdır.
Beynəlxalq Uşaq Kitabı Gününün ölkəmizdə də özünəməxsus şəkildə qeyd olunduğunu söyləyən natiq deyib ki, hər il bununla bağlı müxtəlif rəsm və kitab sərgiləri keçirilir.
Tədbirdə Misir Ərəb Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri, mədəniyyət attaşesi Əhməd Sami Elaydinin “Misir və Azərbaycan mədəni əlaqələri” mövzusunda məruzəsi dinlənilib.
Son illər Azərbaycan və dünya uşaq ədəbiyyatının təbliği istiqamətində çap olunan kitablardan söz açan məruzəçi deyib ki, bu sərgidə misir mədəniyyətinə, folkloruna həsr edilən kitablar da sərgilənir.
Sərgi zamanı məktəblilərin təqdimatında nağıl qəhrəmanlarının obrazlarından ibarət kompozisiya təqdim olunub.