Quran ayəsi yazılan düyü, lobya sərgiyə çıxarılacaq

4 Noyabr 2010 20:08 (UTC+04:00)
9 noyabr tarixində "Şirvanşahlar Sarayı Kompleks"ində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Respublika Qadınlar Cəmiyyəti və "Şəms" Qadın Birliyi tərəfindən "Nur xəzinəsi -19" adlı sərginin açılışı olacaq. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, sərgidə Qurani-Kərim və təfsir kitabları nümayiş olunacaq. Ekspozisiyada sərgilənən 600 il yaşı olan Quranın vərəqləri tərkibində gümüş olan məhlula salınıb və buna görə də kitab günümüzə qədər təhrif olunmadan gəlib çatıb. Ölçüsü 1 sm olan, dairəvi formada diametri 4 sm olan, səkkiz guşəli Quran kitabları ilə yanaşı, üzərində Quran ayəsi yazılan düyü, lobya da sərgilənəcək. Şeyx Hüseynə məxsus, Naxçıvanda Kəngərlilər sülaləsinə aid olan və Dağlıq Qarabağın işğalı zamanı insanların özləri ilə gətirdikləri Qurani-Kərimlər də sərgidə yer alır. 1908-ci ildə Məhəmməd Həsən Mollazadə tərəfindən Azərbaycan dilinə tərcümə edilən və Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına çap olunan Qurani-Kərimi də görmək mümkün olacaq.

Təbii fəlakətlərdən, yanğından zərər çəkmədən çıxmış müqəddəs kitablar, düşmənlərdən gizlətmək məqsədi ilə uzun müddət divara hörülən Qurani-Kərim də keçiriləcək sərgidə nümayiş etdiriləcək. 10 gün davam edəcək sərgiyə giriş pulsuzdur.