Xəzər rayonunda Azərbaycanlıların soyqırımının 100 illiyi qeyd olunub

31 Mart 2018 14:43 (UTC+04:00)

31 mart 2018-ci il tarixdə Xəzər rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mərdəkan qəsəbəsində yerləşən 123 nömrəli məktəbdə "31 mart Azərbaycanlıların Soyqırımı Günü"nün 100 illiyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir məktəbin ərazisində yerləşən 1918-ci ildə Bakıda Ermənilər tərəfindən törədilən Azərbaycanlıların soyqırımının qarşısını almaq üçün köməyə gələn türk ordusunun şəhid olmuş iki əsgərinin xatirəsinə ucaldılmiş abidənin önündə keçirilib.

Tədbirdə Xəzər rayon icra Hakimiyyəti başçısının birinci müavini Vaqif Həsənov, millət vəkili Rauf Əliyev, RİH Başçısının müavini A.Balayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon şöbəsinin rəisi Kənan Məmmədov, Xəzər rayon Ağsaqqallar şurasının və Rayon Ziyalılar Cəmiyyətinin sədrləri, Aparatın məsul işçiləri, Xəzər rayon idarə, müəssisə və təşkilat rəhbərləri və 123 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər. Tədbir Şəhidlərin ruhuna həsr olunmuş bir dəqiqəlik sükutla başlayıb. Tədbiri giriş sözü ilə açan Vaqif Həsənov hər il mart ayının 31 də ölkəmizdə dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edildiyini və Respublikamızın hər yerində olduğu kimi, Xəzər rayonunda da 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş bir neçə silsilə tədbirlər keçirildiyini vurğulayıb.

Tədbirdə çıxış edən Milli Məclisin üzvü Rauf Əliyev hər il mart ayının 31-i ölkəmizdə dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edildiyini bildirib. Millət vəkili bildirib ki, bu təqvim son yüz ildə Azərbaycan tarixində baş vermiş faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə öldürülməsini, repressiyalara məruz qalmasını XX yüzilliyin ən qanlı səhifələrindən biri hesab etmək olar. 1918-ci il martın 30-31-də Bakı Kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımına imza atmışlar. Bu soyqırımının əsl hüquqi-siyasi qiyməti isə Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra verilmişdir.Rauf Əliyev vurğuladı ki, Mart hadisələrinin 80-ci ildönümündə - 1998-ci il martın 26-da Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur.

Daha sonra Rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov çıxış edərək qeyd edib ki, 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı şəhərini və Bakı quberniyasının müxtəlif bölgələrini, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər əraziləri azərbaycanlılardan təmizləmək məqsədilə daşnak erməni silahlı dəstələri mənfur planlarını həyata keçiriblər. Minlərlə dinc əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib. Ermənilər Azərbaycanın müxtəlif bölgələrində xüsusi qəddarlıqlar edib, evlərə od vurub, insanları diri-diri yandırıb, milli mədəniyyət abidələrimiz dağıdılıb məhv edilib. 1918-ci ilin mart-aprel aylarında erməni-bolşevik birləşmələri Bakı, Şamaxı, Muğan və Lənkəranda 50 min azərbaycanlını qətlə yetirib, 10 minlərlə insan torpaqlarından qovulub.

Çıxışlardan sonra 123 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən hazırlanmış şerlər oxunub.

Sonda tədbir Istirakçıları tərəfindən abidənin önünə güllər qoyulub.