İsmayıllı seçiciləri İlhamlı sabaha "HƏ" deyir

2 Aprel 2018 11:04 (UTC+04:00)

Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat–təşviqat kampaniyası çərçivəsində İsmayıllı şəhərində rayon ağsaqqalları, o cümlədən rayonun Basqal və Lahıc qəsəbələrində seçicilərlə görüşlər keçirilib.

Görüşlərdə YAP Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Sevil Əhmədova çıxış edərək qeyd edib ki, son illər Azərbaycanda həyata keçirilən düşünülmüş və düzgün iqtisadi siyasət nəticəsində ölkədə möhkəm maliyyə-iqtisadi baza yaradılmış, qeyri-neft sektorunun dinamik inkişafı və ölkə iqtisadiyyatının diversifikasiyası, regionların tarazlı inkişafı, səmərəli beynəlxalq iqtisadi əməkdaşlıq, dünya iqtisadiyyatına inteqrasiya prosesi sürətlənmiş və son nəticədə Azərbaycanın hər bir vətəndaşının rifahının yüksəldilməsi ilə bağlı müsbət dəyişikliklər baş verib. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin əsas mahiyyəti də əhalinin faydalı məşğulluğunun təmin edilməsindən, yeni iş yerlərinin açılmasından, sosial müdafiədə ünvanlılıq və səmərəlilik prinsipinə üstünlük verilməsindən, əlillərin, aztəminatlı, habelə şəhid ailələrinin, bu qəbildən olan digər şəxslərin həyat səviyyəsinin yüksəldilməsinə lazımi şərait yaradılmasından ibarətdir. Avratlantik məkana inteqrasiya kursunu uğurla davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin lokomotivinə çevrilən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan Azərbaycan bu gün bütün sahələrdə dinamik inkişaf edir. Son illərdə makroiqtisadi sabitliyin qorunub saxlanılması, qeyri-neft sektorunun nəzərəçarpacaq dərəcədə artması, inflyasiyanın optimal həddə saxlanılması da hökumətin həyata keçirdiyi inkişaf kursunun səmərəliliyinin əyani göstəricisidir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanovçıxış edərək bildirib ki, hər bir seçici Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin fəaliyyəti ilə bağlı ən azı Onu təbliğ etməyə gedən insanlar qədər məlumatlıdır və dəqiq mövqeyə malikdir: "Bu, Azərbaycan xalqının mövqeyidir. Son 15 il ərzində cənab Prezidentin fəaliyyəti Azərbaycan xalqının gözləri önündədir. Ölkə rəhbərinin fəaliyyətinin şəffaf olması, Onun gördüyü işlərin böyüklüyü, xalqın isə bu barədə yetərincə məlumatlı olması cənab Prezidentin xüsusi təbliğata ehtiyacının olmadığını göstərir. Dövlət başçısı Öz təbliğatını əməlləri ilə yüksək səviyyədə təşkil edib. Buna görə də hesab edirik ki, cənab İlham Əliyev Azərbaycan xalqının alternativsiz namizədidir".

Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat İnstitununun direktoru Misir Mərdanov qeyd edib ki, ötən 15 il ərzində dövlət başçısının reytinqi xalq arasında əhəmiyyətli dərəcədə yüksəlməkdə davam edib: "Ölkəmizdə bütün sahələrdə baş verən yüksəliş və inkişaf cənab Prezidentin məqsədyönlü fəaliyyətinin nəticəsidir. Bütün bunların nəticəsi kimi, 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin parlaq qələbə qazanacağı heç kəsdə şübhə doğurmur".

İsmayıllı ağsaqqalları adından Şəfaqət Rəsulov, Valeh Salehov, Gülxar Əliyeva, İsrayıl İsmayılov, Basqal qəsəbə sakinləri Yeganə Ağayeva, Rüstəm Məmmədov, Kamran Məlikzadə, Lahıc qəsəbə sakini Sədrəddin İsgəndərov çıxış edərək vurğulayıblar ki, İsmayıllı ictimaiyyəti birmənalı şəkildə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevi dəstəkləyir.Xalqımız dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətini böyük məmnunluqla qarşılayır. Böyük ruh yüksəkliyinin fonunda qeyd etmək lazımdır ki, İsmayıllı seçiciləri növbəti dəfə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə etimad göstərəcəklər. Bununla seçicilər inkişafı, firavanlığı və sabitliyi seçmiş olacaqlar.