Ruhaninin səfəri ölkələrimiz arasında əməkdaşlığın yeni mərhələsidir

31 Mart 2018 20:23 (UTC+04:00)

İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri regionda iqtisadi əlaqələrin genişləndirilməsiə ciddi təkan verəcək. Bu səfər, eyni zamanda, iki ölkə arasında əməkdaşlığın yeni mərhələsi kimi qiymətləndirilə bilər.

Bu fikirləri SİA-a İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Ekspert qeyd edib ki, səfərin yekunları iki ölkə arasında uzun müddət müzakirə edilən bir sıra məsələlərin, o cümlədən mübahisəli yataqların birgə işlənməsinin həllinə gətirib çıxarıb. Nəzərə alsaq ki, Azərbaycan yalnız İrana deyil, eyni zamanda, Türkmənistana mübahisəli yataqların birgə işlənməsi ilə bağlı öz təklifini təqdim etmişdi. Azərbaycanın mövqeyi bu kontekstdən çox yüksək qiymətləndirilməlidir.

"Mübahisəli yataqların birgə işlənməsi hər iki tərəfə əlavə gəlir əldə etmək imkanı qazandırır. Bu, hazırda istifadə olunmayan yataqların iqtisadiyyata töhfə verməsi baxımından çox vacibdir. Təbii ki, tərəflər bu kontekstdə son anlaşmadan faydalana biləcəklər. Eyni zamanda, nəqliyyat dəhlizinin genişləndirilməsi, dəmir yolu xəttinin çəkilişi Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması baxımından mühüm addımlardandır. Azərbaycan və İran üzərindən beynəlxalq yükdaşımaların həcminin artmasına imkan verəcək bu dəhliz, həmçinin hər iki ölkənin beynəlxalq yükdaşımalar baxımından daha geniş coğrafiyaya qoşulması və çıxış imkanları əldə edilməsi baxımından əhəmiyyətlidir. Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması istiqamətində atılan addımlar ölkələrin beynəlxalq yükdaşımalardan və nəqliyyat xidmətlərinin inkişafından faydalanmasına və gəlir əldə etməsinə imkan verəcək", - deyə V.Bayramov diqqətə çatdırıb.

Ölkələr arasında ticarət əlaqələrinin genişləndirilməsinin də müzakirə edilən məsələlərdən olduğunu deyən ekspert qeyd edib ki, Azərbaycan ilə İran arasında ticarət dövriyyəsinin artırılması üçün geniş potensial var. Son iki ildə ticarət dövriyyəsi 154 milyon ABŞ dollarından 210 milyon dollaradək yüksəlsə də, potensial imkanlarımız daha genişdir və iri həcmdə ticarət dövriyyəsinin formalaşması mümkündür.

“Ticarət əlaqələrinin genişləndirilməsi iqtisadi əməkdaşlığa birbaşa təsir göstərir. İran sahibkarlarının Azərbaycana, Azərbaycan sahibkarlarının İrana investisiya yatırmaq imkanları kifayət qədər böyükdür. Bizim sahibkarlar İranda maliyyə, bank, sığorta, turizm sahələrinə investisiya yönəldə bilərlər. İran investisiyasının dərman preparatları və avtomobil istehsalına cəlb edilməsi artıq reallaşıb. Digər sahələrə də İran investisiyalarının cəlb edilməsi nəzərdə tutulur. Bu baxımdan İran Prezidentinin ölkəmizə səfəri həm də investisiyaların qarşılıqlı mübadiləsi baxımından xüsusi əhəmiyyət kəsb edir”, - deyə ekspert vurğulayıb.