“Bu gün Azərbaycanı dünyada inkişaf etmiş mədəniyyət ölkəsi kimi də tanıyırlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "Azərbaycanı dünyada tanıdan bizim ziyalılarımızdır - alimlərimiz, rəssamlarımız, şairlərimiz, yazıçılarımız, bəstəkarlarımızdır". Ona görə də bu gün ölkədə mədəniyyət və incəsənət xadimlərinə böyük dövlət qayğısı vardır”. Bunu SİA-nın müxbiri ilə söhbətində Rauf Babayev adına 15 saylı 11 illik Uşaq Musiqi Məktəbinin direktoru, Respublikanın Əməkdar müəllimi Nadir Babayev deyib.

N.Babayev bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra yenidən hakimiyyətə qayıdan ulu öndər bütün sahələrdə olduğu kimi mədəniyyətin də inkişafında əsaslı dönüş yarandı: “Ulu öndərin siyasi kursuna sadiq olan Azərbaycan Prezidenti İlham Əliyev bu sahədə islahatların daha da sürətlənməsini təmin edib, Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiya edilməsinə böyuk imkanlar yaradıb. Cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk vaxtlarda deyirdi: "Xalqımızı xalq kimi, millət kimi qoruyub saxlayan bizim ənənələrimiz olub, ədəbiyyatımız, ana dilimiz və mədəniyyətimiz olubdur. Mədəniyyət, ədəbiyyat, milli musiqi, ana dilimiz, tarixi keçmişimiz - biz bu sahələrə böyük diqqət göstərməliyik".

Musiqi məktəbinin direktoru Prezident İlham Əliyevin mədəniyyət işçilərinə göstərdiyi diqqət və qayğıdan danışarkən qeyd edib ki, dövlət başçısı mədəniyyət işçilərinə həmişə dəstək olub: “Dahi bəstəkarların adını əbədiləşdirib, mədəniyyət və incəsənət xadimlərinin yubileylərinin keçirilməsi haqda sərəncamlar verib, fəxri adlar verib, Bir sözlə Prezident mədəniyyət və incəsənətin inkişafını həmişə prioritet sahə kimi diqqət mərkəzində saxlayıb. Bu müddət ərzində xeyli yeni mədəniyyət obyektləri inşa edilmiş, neçə-neçə mədəniyyət obyektləri əsaslı təmir olunub. Müasir İncəsənət Mərkəzinin istifadəyə verilməsi, Dövlət İncəsənət Muzeyinin təmiri, Muğam Mərkəzinin istifadəyə verilməsi ölkədə muğam sənətinə göstərilən qayğının əyani təzahürüdür. Ümumiyyətlə, ölkəmizdə mədəniyyətin tərəqqisində Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri olduqca böyükdür. Bakıda, ölkənin böyük şəhərlərində, eləcə də rayon mərkəzlərində əsaslı təmir olunan mədəniyyət obyektləri bu gün əhalinin əsl mədəni istirahət mərkəzlərinə çevrilib. Teatrlar, kinoteatrlar, kitabxanalar, muzeylər və mədəniyyət evlərinin əksəriyyəti müasir üslubda təmir edilib.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın mədəni həyatı gələcəkdə daha zəngin olacaq, ölkəmiz yüksək inkişaf etmiş mədəniyyət diyarına çevriləcəkdir. Ona görə də biz mədəniyyət və incəsənət adamları qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyevə səs verəcək, Azərbaycanın gələcək inkişafı, işıqlı sabahı naminə Ulu Öndərin layiqli davamçısına etimad göstərəcəyik.
M.MƏMMƏDOV