Türk Dünyası Parlament Birliyi 31 Mart - Azərbaycanlıların soyqırımının 100 illiyi münasibətilə Türkiyənin paytaxtı Ankara şəhərində mətbuat konfransı təşkil edib. SİA-nın verdiyi məlumata görə, birliyin sədri Nail Çələbi, Erməni silahlı dəstələrinint Türklərə qarşı etdikləri soyqırımını lənətləyərək şəhidlərə Allahdan rəhmət diləyib.
Nail Çələbi bugünün bir tarix olduğunu ifadə edərək, erməni-bolşevik dəstələrinin son 200 ildir Azərbaycan türklərinə qarşı mərhəmətsiz olduğunu, qırğınlar törətdiyini söyləyib. Çələbi erməni-bolşevik birlikləri və şəbəkələrinin 31 Martda başlayıb 3 gün içində Bakıda və Azərbaycanın onlarla şəhərində və Qarabağın dağlıq hissəsində 50 min Türkü vəhşicəsinə qətl etdiyini vurğulayıb: "Bu gün Şamaxı, Zəngəzur, Lənkəran, Quba qırğınlarının izlərini görmək mümkündür. Bu insanların günahı nə idi? Bu insanlar yalnız Türk olduqları üçün öldürüldü, vəhşicəsinə qətl edildi. Buna görə Anadolu, Azərbaycan, Qırğız, Özbək, Türkmən, Qazax türkləri bu ağrını heç vaxt unutmayacaq".
Erməni-daşnak zehniyyətinin son olaraq Xocalıda özünü göstərdiyini izah edən Çələbi Qarabağdakı Azərbaycan torpaqlarının 20 faizinin hələ də erməni işğalı altında olduğunun unudulmamasını istəyib: "Erməni -daşnak zehniyyəti bu gün də iş başındadır. Özlərinin etdiyi soyqırımları, işğalların Türklərin etdiyinə inandırmağa çalışırlar. Amma gerçəklərin üstü əsla örtülməz. 31 martda Türk dünyasında simvol olan Azərbaycan türklərinin soyqırımı günündə ermənilər tərəfindən öldürülən on minlərlə türkə rəhəmət diləyirəm. Dünyanın heç bir yerində heç bir Türkün ayağına daş dəyməsin, işğal altında heç bir Türk yurdu qalmasın. Başda Türkiyəmiz olmaqla bütün Türk yurdlarında şanlı bayraqlarımız sonsuza qədər dalğalansın".
Nail Çələbi 1918-ci ildə Qafqazda Azərbaycan türklərinin fəryadını eşidən Nuri Paşa əmrindəki Türk Qafqaz İslam Ordusu mənsublarını Azərbaycan türklərinin əsla unutmadığını da vurğulayıb: "31 mart 1919-cu ildə Azərbaycan Respublikası Parlamenti bu tarixi Azərbaycanlıların Soyqırımı günü" kimi qəbul etdi. Böyük lideri Heydər Əliyev martın 31-i tarixini 1998-ci ildə çıxarılan fərmanla ikinci dəfə azərbaycanlıların Soyqırımı günü elan etdi.