Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatında 11 aprel 2018-ci il tarixində keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar səsvermə günü müşahidə aparacaq müşahidəçilərlə və məşvərətçilərlə növbəti treninq keçirilib.
Treninqdə çıxış edən YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova Prezident seçkilərinə hazırlıqla bağlı YAP tərəfindən görülən işlər haqqında məlumat verib. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası qarşıdan gələn Prezident seçkilərinə Seçki məcəlləsinin və MSK-nın təlimat və göstərişlərinin tələblərinə uyğun olaraq ciddi şəkildə hazırlaşıb, təqvim planı üzrə işlər davam etdirilir.
Daha sonra P.Mahmudova seçki məntəqələrinə və dairələrə təyin edilmiş müşahidəçilərin və məşvərətçilərin vəzifələri barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, Prezident seçkilərinin yüksək standartlara uyğun, aşkarlıq və demokratiya şəraitində keçirilməsi üçün müşahidəçilərin və məşvərətçilərin üzərinə məsuliyyət düşür. Bildirilib ki, müşahidəçilərin və məşvərətçilərin Seçki Məcəlləsində təsbit olunmuş hüquq və vəzifələri, səlahiyyətləri var. Odur ki, hər kəs üzərinə düşən vəzifənin məsuliyyətini dərk edərək, öhdəliklərini layiqincə yerinə yetirməlidir.Bütövlükdə seçki günü obyektiv monitorinq aparılmalıdır.
Treninq diskussiya şəklində keçirilib, hər bir müşahidəçi və məşvərətçiyə xüsusi lövhəciklər, yaddaş kitabçaları paylanılıb, onları maraqlandıran suallara cavablar verilib.