Yeni hədəf daha güclü Azərbaycandır

30 Mart 2018 20:15 (UTC+04:00)

YAP İmişli rayon təşkilatı aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşləri İmişli rayonunun Qızıl kənd, Aranlı, Qaradonlu, Çaxırlı, Xubyarlı, Məzlər, Çahar və Gövhərli kəndlərində keçirilib.

Görüşlərdə çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 il ərzində ölkəmizdə həyata keçirilən uğurlu islahatlardan və o islahatların nəticəsi olaraq əldə olunan çoxsaylı nailiyyətlərdən geniş bəhs edib.

Səfa Ağayev vurğulayıb ki, hazırda bir qrup xarici qüvvələrlə, eləcə də erməni qruplaşmaları ilə əməkdaşlıq edərək Azərbaycan əleyhinə kampaniya aparan şəxslər var və xalqımız onların bu bədnam əməllərindən ciddi şəkildə narahatdır. Ona görə də bizim hər birimiz onlara qarşı mübarizə aparmalı Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməliyik.

Sədr çıxışının sonunda Azərbaycanın daha da inkişaf etməsi, təhlükəsiz, müstəqil, daha qüdrətli ölkə olaraq qələbələr qazanması naminə bütün seçiciləri bu ilin 11 aprel tarixində keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşlərdə Milli Məclisin deputatı Əsabil Qasımov çıxış edərək bildirib ki, Azərbaycan dövlətinin zəngin və mütərəqqi seçki təcrübəsi mövcuddur. Bu zamana qədər ölkəmizdə keçirilən prezident, parlament və bələdiyyə seçkiləri ədalətli, şəffaf və demokratik şəraitdə baş tutub və beynəlxalq miqyasda təqdir olunub. Hazırkı reallıqlar, yəni mövcud şərait məhz aprelin 11-də keçiriləcək prezident seçkilərinin də demokratik standartlara uyğun baş tutacağını – Azərbaycanın demokratik ənənələrə sadiq qalacağını söyləməyə əsas verir.

Deputat vurğulayıb ki, ölkəmizdə seçkiöncəsi şəraiti səciyyələndirən ən mühüm amillərdən biri məhz ictimai-siyasi sabitlikdir. Cənab İlham Əliyevin 2003-cü ildən indiyə qədər ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycan sabitlik adası kimi səciyyələndirilib. Bu gün Azərbaycanı bir çox ölkələrdən fərqləndirən xüsusiyyət məhz ictimai-siyasi sabitlikdir. Sabitliyi şərtləndirən amil isə cənab İlham Əliyev tərəfindən uğurlu daxili və xarici siyasət kursunun həyata keçirilməsidir. Eyni zamanda, bütün sosial layihələr uğurla icra olunur, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Xarici siyasət sahəsinə gəldikdə isə, uğurlu və balanslaşdırılmış siyasət nəticəsində Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənir, ölkəmiz regionda sabitləşdirici amil kimi çıxış edir.

Əsabil Qasımov qeyd edib ki, Azərbaycan prezident seçkilərinə sabitlik şəraitində gedir və qazanılan bütün uğurlar xalqın alternativsiz namizədi olan cənab İlham Əliyevin növbəti möhtəşəm və parlaq qələbəsini təmin edəcək mühüm faktorlardan biri olacaq.

Görüşlərdə iştirak edən ziyalılar Bəylər Məmmədov, Kərim Kərimov, Mahmud Məmmədov, əlbəyaxa döyüş üzrə Avropa çempionu Babək Cəfərov 11 aprel prezident seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırdılar.