Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatı aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Bu gün rayon təşkilatının təbliğat-təşviqat qrupunun üzvləri Günəhir, Bəliton və Türkəncil kəndlərində yaşayan seçicilərlə görüşüblər.
Görüşlərdə çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Lənkəran rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvü Ağacəfər Fətullayev qeyd edib ki, iqtisadi potensialın güclənməsi, infrastruktur və investisiya layihələrinin müxtəlif sahələri əhatə etməsi, əhalinin müxtəlif təbəqələri arasında fərqlərin azaldılması, qeyri-neft sektorunun inkişafı ilə bağlı hədəflərin reallaşması və son 15 ildə görülən digər işlər Azərbaycanın dünyaya özünün inkişaf modelini təqdim etməsinə əsas verir. İnkişafın Azərbaycan modeli təbii ki, uğurlu siyasətin göstəricisidir. Qeyri-neft sektorunun sürətlə genişlənməsi, Azərbaycanda sənayeləşmə prosesinin davam etməsi, iqtisadi zonaların yaradılması ölkənin inkişafını daha da sürətləndirir. Azərbaycan xalqının cənab İlham Əliyev kimi kifayət qədər populyar, işgüzar, praqmatik, tolerant bir lideri var. Bu liderə qarşı çıxmaq istəyən və siyasi qüvvələrin nəsibi birmənalı şəkildə məğlubiyyət olacaq. YAP kimi möhtəşəm bir partiyanın liderinə rəqib olmaq, onunla prezidentlik uğrunda mübarizə aparmağa cəhd göstərmək sadəcə sadəlövhlükdən başqa bir şey deyil. Bu partiyanin liderini, cənab İlham Əliyevi bütün Azərbaycan xalqı sevir, ona inanır və güvənir”.
Tədbirdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Lənkəran rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvlərindən Sərhad Məmmədov, Kamran Kazımov, kənd sakinlərindən Hacıhəsən Seyfullayev və Tofiq Fərəcov çıxış edərək seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədi cənab İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıblar.