Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Siyəzən rayon şöbəsi 11 aprel prezident seçkilərində YAP-ın namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Eynibulaq kənd seçiciləri ilə görüş keçirib.
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Siyəzən rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Etibar Heydərov ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi möhtəşəm tarixi nailiyyətlərdən, ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə möhkəmlənməsindən danışıb. Qeyd edib ki, son 15 ildə Prezident İlham Əliyev tərəfindən yürüdülən məqsədyönlü siyasət nəticəsində ölkəmiz elə bir təməlli uğurlara imza atmışdır ki, dünyanın heç bir dövləti bu müddət ərzində belə inkişafa, belə tərəqqiyə nail ola bilməmişdir. E.Heydərov bütün bu uğur və nailiyyətlərin Cənab Prezidentin rəhbərliyi ilə gerçəkləşdiyini bildirərək, seçiciləri bu firəvan həyatın davamlığı üçün bütün azərbaycanlıların Lideri Cənab İlham Əliyevə səs verməyə çağırıb.
Görüşdə çıxış edən Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu Azərbaycanda həyata keçirilən siyasi və iqtisadi islahatlara, o cümlədən, ötən 15 illik zaman ərzində respublikamızda demokratiyanın inkişafı, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması sahəsində mühüm uğurların əldə edildiyinə nəzər salıb. Qısa müddət ərzində ölkəmizdə zəruri islahatların həyata keçirildiyini bildirib. Bütün bunlar ölkə başçısının fəaliyyətinin danılmaz uğurudur və biz ölkəmizin dinamik inkişafını təmin edən Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycana beynəlxalq aləmdə böyük nüfuz qazandıran Cənab İlham Əliyevin namizədliyini dəstəkləyir, cəmiyyətimizin bütün üzvlərini Onun ətrafında sıx birləşməyə çağırırıq.
Görüşdə çıxış edən millət vəkili Tahir Süleymanov bu gün Azərbaycanın əldə etdiyi bütün uğurlardan danışaraq, əminliklə bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Cənab İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində ölkəmiz daha da inkişaf edəcək və bu uğurların davamlı olması üçün siyəzənli seçiciləri İlham Əliyevə səs verməyə çağırdı.
Zümrüd BAYRAMOVA