Ağdam seçiciləri İlham Əliyevə səs verəcəklər

29 Mart 2018 17:44 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ağdam rayon şöbəsi 11 aprel prezident seçkilərində YAP-ın namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Birinci Dördyol qəsəbə Mədəniyyət evində, daha sonra Quzanlı qəsəbə Mədəniyyət evində ilk dəfə səsverən seçicilərlə görüş keçirib.

Seçicilər qarşısında çıxış edən YAP Ağdam şöbəsinin sədri Allahverən Əliyev Cənab İlham Əliyevin zəngin həyat yolundan, Onun Azərbaycan dövlətçiliyi üçün həyata keçirdiyi misilsiz xidmətlərdən danışıb. Bildirib ki, bu gün Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla həyata keçirilir. Ölkəmizdə siyasi, iqtisadi və sosial islahatlar aparılır, iqtisadiyyatımız inkişaf etdirilir və əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi üçün təsirli tədbirlər görülür.

Rayon şöbəsinin sədri bu uğur və nailiyyətləri nəzərə alaraq, ölkəmizi möhtəşəm qələbələrə aparan Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Daha sonra çıxış edən rayon təbliğat qrupunun sədri Hüseyn Bayramov, Milli Məclisin deputatları Bəxtiyar Sadıqov, Bəxtiyar Əliyev müasir dövrümüzdə gənclərə göstərilən diqqət və qayğıya nəzər salaraq, gənclərin potensialından maksimum istifadə edildiyini, onlar üçün geniş meydan açıldığını və imkanlarının üzə çıxmasına əlverişli şərait yaradıldığını bildiriblər. Qeyd olunub ki, gənclərin intellektual inkişafına dəstək göstərilməsi, cəmiyyət həyatında fəal iştirakının təmin edilməsi, beynəlxalq əlaqələrinin genişlənməsi istiqamətində ardıcıl işlər görülür. Belə bir qayğı ilə əhatə olunan gənclər prezident seçkilərində fəallıq göstərəcək, partiyanın namizədi İlham Əliyevə səs verəcəklər. Aparılan uğurlu islahatlar və vətəndaşlarımızın rifah halının yüksəlməsi, onu deməyə əsas verir ki, ölkə başçısının yürütdüyü siyasətin alternativi yoxdur və növbəti prezident seçkilərində də Yeni Azərbaycan Partiyası inamlı qələbə qazanacaq.

Görüşdə çıxış edən Birinci Dördyol qəsəbə qəsəbə sakini Yaqut Qəhrəmanova və başqaları çıxışlarında seçiciləri partiyanın namizədi Cənab İlham Əliyevə səs verməyə çağırıblar.

ZÜMRÜD