Quba seçicilərinin seçimi bəllidir

29 Mart 2018 16:34 (UTC+04:00)

YAP Mərkəzi Seçki Qərargahının Quba rayon şöbəsi tərəfindən Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat kampaniyası uğurla davam etdirilir. Kampaniya çərçivəsində dünən rayonun I Nügədi inzibati ərazi dairəsinin seçiciləri ilə yüksək əhvali-ruhiyyədə görüş keçirilib.

Görüşdə YAP Quba rayon təşkilatının sədri Yusif Abidov çıxış edərək, Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən önəmli hadisə – 11 aprel Prezident seçkiləri ərəfəsində olduğumuzu bildirib. Son 15 il ərzində Azərbaycanın keçdiyi inkişaf yoluna diqqəti yönəldən rayon təşkilat sədri bildirib ki, son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımız daha böyük uğurlara imza atıb. Bu gün ölkəmizdə biznes mühitinin inkişafı, sahibkarlığa dövlət qayğısının artırılması yönündə görülən tədbirlər Azərbaycanın inkişafında xüsusi yerlərdən birini tutmuşdur. Rayon təşkilat sədri dövlətin atdığı addımların qeyri-neft sektorda əsaslı irəliləyişlərə, ölkəmizdə daxili investisiyaların həcminin artmasına şərait yatdığını diqqətə çatdırıb, ölkəmizdə aparılan abadlıq-quruculuq işləri, dinamik inkişafın qubalılar tərəfindən də yüksək dəyərləndirildiyini bildirib. Y.Abidov bildirdi ki, Azərbaycan xalqı, o cümlədən qubalılar praqmatik siyasəti ilə xalqın inam və etimadını qazanmış Cənab İlham Əliyevə - YAP-nın alternativsiz Liderinə səs verəcəklər.

Görüşdə təbliğat qrupunun üzvləri Həsən Günəşli, Elza Orucova, Rüfət Hacıyev, Hüseyn Kərimov və başqaları çıxış edərək, partiyanın namizədi İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə həyata keçirilən uğurlu siyasəti diqqətə çəkib, seçiciləri 11 apreldə keçiriləcək prezident seçkilərində davamlı inkişafa, bu inkişafın daha möhtəşəm olması üçün Cənab İlham Əliyevə səs verməyə çağırdılar.

Nəzakət ƏLƏDDİNQIZI