Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Daşkəsən rayon şöbəsi 29 mart 2018-ci il tarixdə rayonda ilk dəfə səs verən gənclərlə görüş keçirdi. Görüşü giriş sözü ilə YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev açaraq qeyd etdi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev həmişə gənclərə böyük diqqət və qayğı göstərmiş, onların təhsili, cəmiyyətdə fəal mövqe tutması bir rəhbər kimi daimi nəzarətində olmuşdur. Elə bunun üçündür ki, bu gün də gənclər cənab İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasında çoxluq təşkil edirlər. Gənclər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yaxın dostudur. Gənclərin hərtərəfli inkişafına diqqət və qayğının nəticəsidir ki, indi Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır.
Meydanəli Yolçuyev ilk dəfə səs verəcək gəncləri möhtərəm Prezidentimizin siyasətini dəstəkləməyə, onunla həmrəy olmağa səslədi.
Sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev toplantıda ilk dəfə səs verəcək gəncləri təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Toplantıda daha sonra 100 saylı Şəmkir-Daşkəsən Seçki Dairəsi Dairə Seçki Komissiyasının katibi Eldar Hüseynov ilk dəfə səs verəcək gənclərə aidiyyəti üzrə təlimatlar və tövsiyələr verdi.
Rayon Gənclər və İdman idarəsinin rəisi Samir Həsənov da toplantı iştirakçılarına ölkədə aparılan Gənclər siyasəti ilə bağlı məlumat verdi.
İlk dəfə səs verən gənclər – Ayşən Ələsgərova, Tural Cəfərov, Təbriz Səfərli və başqaları çıxış edərək qeyd etdilər ki, biz gənclərin yaxın dostu, Azərbaycanın gələcək uğurlarının təminatçısı, ölkəmizi beynəlxalq aləmdə tanıdan, millətin və xalqın sevimlisi cənab İlham Əliyevə səs verəcəyik.
Görüşdə ilk dəfə səs verən gənclər dəfələrlə zalda sürəkli alqışlarla “İlhamla irəli” şüarını səsləndirdilər, 11 aprel Prezident seçkilərində İlham Əliyevə səs verəcəklərini qətiyyətlə bəyan etdilər.