Vətəndaşlıq mövqe(sizli)yi – II

29 Mart 2018 13:06 (UTC+04:00)

“Vətəndaşlıq üçün Vətən sevgisi hələ yetərli deyil; bunun üçün dövlətçilik şüuru da tələb olunur”.

(Tur Xander)

“Vətən sevgisi iki səviyyədə üzə çıxır: biri kortəbii surətdə – doğmalıq hissi kimi, o biri – dövlətin simasında şəxsləşən qarşı tərəfə şüurlu münasibət kimi”.

(Əbu Turxan)

“Əgər harada olmağınızın sizə heç bir fərqi yoxdursa, deməli, azmısınız”.

(Runda qaydası)

Haşiyə: Razıyam. Bizə yeni personaj(lar)ın yaranması bəlkə də zəruridir. Amma, müstəqillik dönəmində, yeni dünya nizamında elə mistik və ya əfsanəvi varlıqlar meydana gətirilməlidir ki, onlar müasir çağırışlara cavab versin, milyonları yenə bilsin, yerə yox, göyə diktə etsin. Şüurların, ideologiyaların və texnologiyaların savaşına rəqabətqabiliyyətli olsunlar. Daha nağıl qəhrəmanımız CIRTDANı bir az da cılızlaşdırıb CIRTQOZ kimi yamsılanmasın və küçümsənməsin.

İctimai mənşəyindən, dünya baxışından, hətta, əqidəsindən asılı olmayaraq bizim yoldan çıxan vətəndaşlarımızı düz yola çəkmək zəruridir və bütün soydaşlarımıza sahib çıxmaq gərəkli məsələdir. Eyni zamanda, hər bir azərbaycanlı milli genofondumuzun tərkib hissəsi olmaqla, dəyərlərimizin zənginliyini qorumağa borcludur.

Əfsuslar olsun ki, bu gün bəzi diaspor və lobbi potensialımız öz məntiq və mətləbini aşaraq, bir sözlə, hədəqəsindən çıxaraq cəfəngiyata baş qoşublar. Hansı ki, həmin səbatsız şəxslər xalqlararası diplomatiyanın keşiyində durmaq kimi səmərəli bir işi görə biləcəkləri təqdirdə, dövlətlərarası münasibətləri gərginləşdirə biləcək səmərəsizliklə məşğul olurlar. Dövlətlərin daxili və xarici işlərinə qarışır, milli maraqlara hədə yaradırlar.

Uzaqdan belə çamır atanlar bilməlidir ki, öz əlləri hamıdan çox bulaşacaqdır ona. Əli təmiz olmayanın əməli çətin düzgün olsun. Palçıqdan yoğrulan həqiqəti elə birinci yağan yağış yuyub aparacaq.

Əgər, kim(lər)sə aktiv siyasətlə məşğul olmaq və mövcud rejimlə mübarizə aparmaq istəyirsə oturub öz ölkəsində bu fəaliyyətə başlaya və platformasını açıqlaya bilər. “Kənardan döyüş asan görünər”.

Daha Vətəndən kənarda bu formada “Vətənə xidmət” əsla qəbuledilməzdir. Bilin və agah olun, dara və ya tora düşmüsünüzsə, çıxılmaz vəziyyətdəsinizsə, Vətən yenə də öz isti qucağını açar öz övladlarına və ziyanın yarısından qayıtmaq da xeyirlidir. Dövlət başçısı İlham Əliyevin bir prinsipini yaddan çıxarmayın: “Mən hər bir azərbaycanlının prezidentiyəm”.

Lakin Vətənpərvərliyi iyrənc vasitəyə çevirmək bağışlanmaz günahdır. Bu müqəddəs amaldan sui-istifadəni bir cümlə ilə də ifadə etmək olar – yəni, İngilis leksinoqrafı Semuel Consonun orijinal yanaşması ilə “Vətənpərvərlik – əclafın son sığınağıdır”.

Təəssüflər olsun ki, yenə mənfur qonşularımızdan misal çəkirəm. Hətta acınacaqlı şərait səbəbindən məcburi miqrasiyaya uğrayan, həmin ermənilər kənarda yenə min bir zəhmət bahasına öz ölkələrinin xeyrinə piarla məşğul olur, diaspor fəaliyyətinə və lobbi işinə könüllü qatılırlar. Ümummilli məsələlərdə daim həmrəylik nümayiş etdirirlər.

Bəs biz nə edirik? Ən ümdə problemimiz olan Dağlıq Qarabağ münaqişəsi və digər məsələlərlə ilə bağlı ayrı-seçkilik salırıq. Eyni mövqedən çıxış etmirik. Torpağımızı güllə-boran edənləri ifşa etməkdənsə, öz müqəddəs dövlətimizi daş-qalaq edirik. Hər hansı bir səviyyədə keçirilən, lap elə səfirliklərimizin tədbirlərinə iqtidar-müxalifət donu geyindirilərək birlik əldə edə bilmirik.

Özümüzü gülünc vəziyyətə qoymaq bəs deyil, maraqlı qüvvələr bundan öz məqsədləri üçün bəhrələnməsinə şərait yaradırıq.

Yaşadığımız yeni yüzillik müxtəlif stereotiplərin, münasibətlərin və mübarizələrin 3D formatının meydana çıxmasını xarakterizə edir.

Hazırda yeni dünya yaranır, bəzi dövlətlər öz maraqlarını ümumiləşdirərək ittifaqlarda birləşirlər ki, “vahid güc” altında daha çox diktə edə bilsinlər.

Bunu Avropa İttifaqının timsalında görmək olar.

Burada yaradılan “Şengen zona” daha çox sığınacaq verilən insanlara hərəkət sərbəstliyi qazandırmaqla Sovet İttifaqının idarəetmə formullarından birini “Dovşana qaç, Tazıya tut” planı milli ünsürlərdən və alətlərdən öz vətənlərinə qarşı istifadə etməkdir. Bu bir manipulyasiya olmaqla, istənilən əlaltı şəxslərin mobilliyi üçün simulyasiya imkanı verir. Ayrı-ayrılıqda hər bir dövlət onlardan öz məqsədləri çərçivəsində hərəkətliliyini və ya hərəkətsizliyini təmin edir.

Ləyaqətli olan, Vətəndaşlıq mənsubiyyəti və məsuliyyəti dərk edən şəxs belə oyunbazlığa getməz. Onsuz da odun ən çox yandırdığı elə maşanın özüdür. Əvvəl axır korroziyaya uğrayan onun elə özü olur. Odun isitdiyinin, bişirdiyinin, qaynatdığının kefini isə bir başqaları görür.

Bu gün Avropada oturub Vətəni “demokratiya atəşi”nə tutmaq absurddur. Avropada ədalət dərsi keçmək lazımdır ki, ərazilərimizin 20 faizi işğal edilib, viran qoyulub və talan olunub. Bu milli faciə olmaqla, bəşəri əxlaqsızlıqdır.

Siz özünüzdə olan potensialı bu istiqamətə yönəldə bilsəydiniz, milli qəhrəman olacaqdınız, milli qaraguruh yox.

Beynəlxalq münasibətlər sistemində diasporun, lobbinin mühüm əhəmiyyət kəsb etdiyi bir vaxtında, bu fəaliyyətləri gerçəkləşdirərək Vətənə xidmət etmək lazımdır. Vətənin hüdudlarından kənarda Vətənə qarşı edilən digər siyasi addımlar milli təhlükəsizliyə təhdid kimi qəbul edilir.

Demokratiya carçısı ABŞ-da Ata Buş, oğul Buş hakimiyyətdə - prezident ola bilir və digər oğul Buş prezidentliyə namizədliyini irəli sürə bilirsə niyə, bu bizə gəlib çatanda anti-demokratik olur.

Və yaxud da Almaniyada, 4-cü dəfə Xristian Demokrat İttifaqı Angela Merkel başda olmaqla hökuməti qurur. Bu necə demokratiyadır! Lakin xalqın əksəriyyətinin səs çoxluğudur. Bəs, demokratiya nədir? Səs çoxluğu deyilmi?!

Hər bir Vətəndaş öz konstitusion – siyasi hüququndan istifadə etməsi, seçib-seçilmək kimi üstünlüyü demokratiya deyilmi?!

Yazılarımızda tərifə, Azərbaycanın son 15 ildəki intibahına yer verməməkdə səbəb odur ki, elə faktlar və dəyərlər var ki, tərifə və reklama ehtiyacı yoxdur. Məsələn, elə Azərbaycanın Brent markalı nefti və “ASAN xidmət” brendi kimi.

Eyni mövqe ilə hər bir hadisəyə şablon yanaşanda, bu statusa sahiblənirsiniz – BOŞBOĞAZ. (Bir qrup ekspert TAMADAlar kimi). Bu ən təhlükəli sindrom sayılır. Boşboğaz isə iki cür olur – biri nə düşündüyünü gizlətmək üçün aramsız danışır, digər qismi heç nə düşünmədiyini gizlətmək üçün.

Unutmayaq ki, əks-asılılıq qanununa görə insan nə qədər az etmək istəyirsə, bir o qədər çox danışır. Hər bir kəs isə öz dilinin altında gizlənib. Susun ki, eybiniz örtülsün barı.

Belə bir qeyri-müəyyən beynəlxalq vəziyyətdə idarəetmə bir o qədər də asan deyil, “ASAN xidmət” kimi.

Necə deyərlər, gölməçəyə düşməyənə qədər onun dərinliyini bilmək mümkün deyil.

Bu il - 2018-ci il əsasən Şərq ölkələrində qəbul edilmiş təqvimə – astroloji dəyərləndirməyə görə İt ilidir. İt öz xüsusiyyətləri ilə seçilən canlıdır. Yəni, itin hürməyi, quyruq bulamağı, sümük gəmirməyi ilə yanaşı, vəfalılığı və sahibinə sadiqliyi kimi şakərləri var. Hər bir kəsin də sahibi Vətəndir, gəlin itdən heç olmasa öyrənməli olanı – sədaqəti öyrənin. Əgər bunu indiyə kimi ətraf mühitdən, dürüst insanlardan öyrənməyibsinizsə... Çünki, it quyruq bulamaqla özünə qida əldə edir, hürməklə isə yalnız kötək, sədaqətlə isə məhəbbət qazanır.

Əks halda itlər haqqında deyilmiş bu söz – “Ac itin dünyada inandığı bir həqiqət varsa o da ətdir” əvəz olunacaqdır. “İt hürər, karvan keçər” və ya “Hürüşünü bilməyən it örüşə qurd gətirər” kimi məsəllərdən istifadə ediləcəkdir.

Bu, eyni zamanda bənzətmə və tövsiyədir.

Gəlin, öz sələflərimizə layiqli xələf olaq!

Azərbaycanın XX əsrdə ilk diaspor təşkilatlarından olan Fransadakı Azərbaycanlılar Assosiasiyası Əlimərdan bəy Topçubaşov və Ceyhun Hacıbəyli başda olmaqla mühacirlər tərəfindən 1925-ci ildə yaradılmış və rəsmi qeydiyyatdan keçmişdir. Bu baza əsasında formalaşmış müsbət fikir hazırda burada soydaşlarımıza qarşı, xüsusilə, elitar səviyyədə münasibətlərdə açıq-aydın hiss olunmaqdadır. Niyə, bu ənənəni davam etdirməyək?

AXC-nin banilərindən olan M.Rəsulzadə ilə milli ideya zəminində çiyin-çiyinə mübarizə aparmış, Əbdüləli bəy Fətəlibəyli - Düdənginskinin təşəbbüsü ilə 1943-cü ildə Berlin şəhərində keçirilən Milli Azərbaycan Qurultayı Almaniyada Azərbaycan diasporunun təşəkkülündə və təşkilatlanmasında böyük rol oynamışdır. O dövrdə azərbaycanlılar haqqında yaradılan təəssürat indi də mühüm əhəmiyyət daşıyır və öz töhfəsini verir. Niyə, bu fəaliyyəti inkişaf etdirməyək.

Hətta, M.Rəsulzadəni A.Hitler Şərq Nazirliyinə rəhbərliyə dəvət edəndə belə öz vətənini, onun övladlarını düşündü və mövcud vəziyyətdə bunun özündən başqa heç kimə xeyir gətirməyəcəyini anladı və imtina etdi. Bunun kimi hallardan ibrət dərsi götürək.

Qürbətçi naqis həmvətənlərim,

Gəlin, özünüdərkdən başlayaq!

Siyasəti ailə dəyərləri, ailə məsələlərinin müzakirəsi üzərində qurmaq olmaz. Ailə dövlətin təməlidir. Dövlət özü isə böyük bir ailədir. Deməli, Dövlətin başçısı da bu ailənin Böyüyüdür. Ona hörmət etmək və ehtiram göstərmək isə ləyaqətli ailənin təməl prinsiplərindən ən vacibi olmaqla, Dədəmiz Qorqudun Bizə öyüd və nəsihətidir.

Yəhya BABANLI