Yeni Azərbaycan Partiyasının Qəbələ rayon təşkilatı prezidentliyə namizəd Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Qəbələ rayonunun Zarağan kəndində seçicilərlə görüş keçirib. Görüşdə qonşu Daşca və Aydınqışlaq kəndinin seçiciləri də iştirak ediblər.
Tədbiri Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının sədr müavini, təşviqat qrupunun üzvü Elçin Tağıyev açaraq, 2003-2018-ci illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlarından bəhs edərək, bildirib ki, Prezident İlham Əliyevin bütün sahələrdə apardığı islahatların elmin, təhsilin inkişafında da hiss olunması həm də milli təfəkkürün formalaşmasına, azərbaycançılıq ideyasının möhkəmlənməsinə göstərilən qayğıdır. Natiq vurğulayıb ki, 11 aprel tarixində keçiriləcək seçkilərdə də seçicilər Azərbaycanın gələcək inkişafı və firavanlığı naminə Cənab İlham Əliyevə səs verəcəklər.
Tədbirdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahının Qəbələ rayon şöbəsinin təşviqat qrupunun üzvü Azad Məmmədov 11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində bütün seçiciləri Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevə səs verməyə çağırıb.
Görüş iştirakçılarından Aləddin İsgəndərov, Suğra Məmmədova, Samirə Əzizova, Şahvəddin Əhmədov, Bədrəddin Nəsirov, Sənani Məmmədov, Məlahət Zəkəriyyəyeva və Şəfəq Əhmədova çıxış edərək, Cənab İlham Əliyevin müstəqil dövlətimiz və xalqımız üçün gördüyü saysız-hesabsız işlərdən danışaraq, seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədinin - Cənab İlham Əliyevin parlaq qələbə qazanacağına əminlik ifadə ediblər.
İNAM