Daha güclü və qüdrətli Azərbaycan naminə "İLHAMLA İRƏLİ!"

28 Mart 2018 19:36 (UTC+04:00)

Bu gün Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Nəsimi rayon şöbəsi YAP tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun təhsil işçiləri ilə görüş keçirdi. Tədbirdə 300-ə yaxın təhsil işçisi iştirak edirdi.

Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Nəsimi rayon şöbəsinin sədri, millət vəkili Məlahət İbrahimqızı çıxış edərək, regionun lideri olan Azərbaycanın dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrilməsində Möhtərəm Prezident İlham Əliyevin 2003-cü ildən bu günə olan fəaliyyətinə nəzər saldı: "Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etmələri ölkəmizin seçdiyi yolun düzgün olduğunu təsdiqləyir. Təkcə onu demək kifayətdir ki, ölkəmizin iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır".

Rayon təşkilatı sədri seçiciləri fəal olmağa və partiyanın namizədi Cənab İlham Əliyevə səs verməyə çağırdı.

Görüşdə çıxış edən "İki sahil" qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə Cənab İlham Əliyevin fəaliyyətinin birinci dövründə verdiyi bütün vədləri yerinə yetirdiyini və ölkəmizin dinamik inkişafına nail olduğunu bildirdi. Qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müdrik siyasətini uğurla davam etdirərək, Azərbaycanda müşahidə edilən dinamik yüksəlişlə bahəm, onun keyfiyyətcə yeni mərhələyə qədəm qoyması üçün geniş imkanlar açdı. Ölkənin iqtisadi həyatında ciddi uğurlar əldə edildi və cəmiyyət keyfiyyətcə yeni bir mərhələyə qədəm qoydu. V.Rəhimzadə 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, regionların sosial-iqtisadi inkişafı dövlət

proqramlarının tətbiqi ilə həyata keçirilən islahatlardan danışaraq, seçiciləri prezident seçkilərində alternativsiz namizəd olan Cənab İlham Əliyevə səs verməyə çağırdı.

Görüşdə çıxış edən təhsil işçiləri də ötən dövrdə böyük dəstək və etimadla xalqın böyük rəğbət və inamını qazanmış Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlardan, onun infrastrukturu sahəsində görülmüş misilsiz işlərindən danışdılar. Onlar ümumxalq namizədi Cənab İlham Əliyevin prezidentliyə namizədliyinin geniş ictimaiyyət tərəfindən 7 il üçün daha güclü və qüdrətli Azərbaycan naminə dəstəkləyəcəklərini bildirdilər.

Nəzakət ƏLƏDDİNQIZI