Qaradağ seçicilərinin yeganə seçimi cənab İlham Əliyevdir!

28 Mart 2018 18:34 (UTC+04:00)

Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatı Lökbatan qəsəbəsində seçicilərlə görüş keçirib

Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Qaradağ rayonunda uğurla davam edir. SİA-nın verdiyi məlumata görə, kampaniya çərçivəsində seçicilərlə növbəti görüş rayonun Lökbatan qəsəbəsində keçirilib.

Görüşdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov cənab İlham Əliyevin Azərbaycanın inkişafı və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətləri haqqında məlumat verib. Aydın Hüseynov deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 il ərzində Azərbaycan böyük və şərəfli inkişaf yolu keçib, möhtəşəm tarixi nailiyyətlər qazanıb. Bu illərdə dövlətimizin qüdrəti artıb, ölkənin siması bütünlüklə dəyişib, insanların həyatı yaxşılaşıb. Millət vəkili Aydın Hüseynov bunları nəzərə alaraq, rayon sakinlərini aprelin 11-də seçki məntəqələrinə gedərək Azərbaycana böyük qələbələr və uğurlar qazandırmış, xalqımızın alternativsiz lideri cənab İlham Əliyevə səs verməyə çağırıb.

Milli Məclisin komitə sədri Ziyad Səmədzadə görüşdə çıxış edərək Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük iqtisadi uğurlardan, həyata keçirilən iqtisadi islahatların əhəmiyyətindən danışıb. Z.Səmədzadənin sözlərinə görə, son 15 ildə Azərbaycan əldə etdiyi iqtisadi nailiyyətlərlə dünyanın ən sürətli inkişaf edən ölkələri sırasında yer alıb. O, cənab İlham Əliyevin 2003-cü ildə verdiyi bütün vədlərin real həyatda öz əksini tapdığını xatırladaraq bütün seçiciləri 11 apreldə cənab İlham Əliyevə səs verməyə səsləyib.

Görüşdə YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək deyib ki, Azərbaycan əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu daxili və xarici siyasət sahəsində cənab İlham Əliyevin rəhbərliyi altında böyük inkişaf, tərəqqi əldə edib. V.Rəhimzadə qeyd edib ki, cənab İlham Əliyevin daxili və xarici siyasəti də Azərbaycanın xoş gələcəyinə təminat verir. O, bütün seçiciləri Prezident seçkilərində xalqımızın yeganə namizədi İlham Əliyevə səs verməyə çağırıb.

Görüşdə çıxış edən YAP Qaradağ rayon təşkilatının Seçki Qərargahının üzvü Xaliq Məmmədov, Qaradağdakı rus icmasının üzvü Natalya Paramanovna, rayon Ağsaqqallar şurasının sədr müavini Zahid İbrahimov, 2016-cı ilin aprel döyüşlərinin iştirakçıları Elmir Abbasov və Röyal Əşrəfov ölkəmizin son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə qazandığı böyük uğurlar barədə geniş məlumat verərək Qaradağ rayon seçicilərinin aprelin 11-də fəal və mütəşəkkil şəkildə seçki məntəqələrinə gedərək Azərbaycanın müstəqilliyinin və inkişafının təminatçısı olan Heydər Əliyev siyasətinə, bu siyasətin layiqli davamçısı cənab İlham Əliyevə səs verəcəyinə əminliklərini ifadə ediblər.