“Seçkilərdən sonra böyük stimulla AXC-nin 100 illiyini qeyd edəcəyik" AÇIQLAMA

28 Mart 2018 15:50 (UTC+04:00)

“Azərbaycan şərqdə və müsəlman dünyasında Cümhuriyyət elan etmiş ilk respublika, dövlət kimi dünya tarixinə düşüb. Bunu bizim babalarımız və Azərbaycan xalqının o dövrdə yaşayan dəyərli ziyalıları, millət ataları ediblər. Çox təəssüflər olsun ki, həmin dövrdəki hərbi, siyasi və iqtisadi şərait I Dünya müharibəsindən sonra dünya güclərinin təmərküzləşməsi, o cümlədən Rusiyadakı inqilablar bizim müstəqil Cümhuriyyətin ömrünün uzun olmasına imkan vermədi”. Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə, ötən yüz ildə cəmi 23 ay yaşamış Azərbaycan Demokratik Cümhuriyyəti süqut etdikdən sonra yurdumuzda bolşevik Rusiyası 70 illik bir sovet rejimi qurdu: “Amma bu şərəfli bir tarixdir. Həmin dövrdə Azərbaycan dünyada müstəqil dövlət kimi tanındı, ölkəmizin ərazisi, dili, bayrağı, gerbi, himni və digər dövlət atributları qəbul olundu, müəyyənləşdi. Beləcə milli ordumuz, parlamentimiz, Nazirlər Kabineti yarandı və müstəqil hökumətin bütün atributları Azərbaycanda formalaşdı. Amma həmin dövrdəki bolşevik-erməni təsirləri, ondan sonrakı dövrdə müxtəlif dövlətlərin - İngiltərənin, Almaniyanın və s. maraqları Osmanlı imperiyasının çöküşü, Azərbaycanı müttəfiqsiz qoydu. Azərbaycan Cümhuriyyəti 23 aydan sonra süqut etdi. Baxmayaraq ki, süqut etdi amma bu Azərbaycan xalqının həm şifahi yaddaşında, həm də yazılı yaddaşında, eləcə də xalqın gen yaddaşında əbədi yaşadı.

Şükürlər olsun ki, tanrı bizə bir əsrdə iki dəfə müstəqil dövlət qurmaq şansı verdi. Biz bu şansdan 1991-ci ildə SSRİ-nin dağılması ilə əlaqədar uğurla istifadə etdik. 1993-cü ildən isə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra Azərbaycan öz müstəqil dövlətini sözün həqiqi mənasında qurdu, möhkəmləndirdi və onun müstəqilliyini əbədi etdi. Ulu Öndər Heydər Əliyev tez-tez öz çıxışlarında Azərbaycanın müstəqilliyi dönməzdir, sarsılmazdır, əbədidir söyləyirdi. Təbii ki, bunun arxasında çox böyük bir siyasi məna dururdu. Əslində bu şüar Azərbaycanın xaricdə yaşayan, olan və Azərbaycanı istəməyən qüvvələrə yönəlmişdi. Şükürlər olsun ki, Ümummilli Liderin böyük səyləri, uzaqgörən siyasəti, titanik zəhməti nəticəsində Azərbaycan dövləti möhkəmləndi.

2003-cü ildən bu yana isə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz qüdrətli dövlətə çevrildi və dünya dövlətləri arasında ildən-ilə, gündən-günə də öz nüfuzunu artırır. Azərbaycanda iqtisadi tərəqqi, sosial rifah, yüksəliş, siyasi sabitlik, həmrəylik, vətəndaş birliyi və dünya dövlətlərinə sıx inteqrasiya mövcuddur. Biz həmişə elan etmişik ki, Demokratik Cümhuriyyətin varisləriyik və Demokratik Cümhuriyyətin də həm xatirələri, atributları, həm də o dövrdə görülən işlər bizim üçün əzizdir. Bildiyiniz kimi cənab Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin keçirilməsi ilə bağlı hökumət tapşırığı var. Bu bütün strukturları – Nazirlər Kabineti, Milli Məclisi və digər ictimai-siyasi qurumları, o cümlədən vətəndaş cəmiyyətləri əhatə edir. Bu tədbirin yüksək şəkildə həyata keçirilməsinə hazırlıq görülür və bu istiqamətdə işlər gedir. Aprelin 11-də keçiriləcək prezident seçkilərindən sonra biz daha böyük stimulla Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyini qeyd edəcəyik. Bu təkcə Azərbaycanda deyil, dünyanın hər bir yerində qeyd olunacaq. Bütün dünyaya bir daha sübut edəcəyik ki, Azərbaycan xalqı dünyanın ən sivil, mədəni xalqlarından biridir”.