Gəncə “İlhamla irəli” deyir

28 Mart 2018 15:01 (UTC+04:00)

Yeni Azərbaycan Partiyasının 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar “İlhamla irəli” şüarı altında təbliğat-təşviqat kampaniyası uğurla davam edir. SİA-nın verdiyi məlumata görə, bu gün Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatında kampaniya çərçivəsində seçicilərlə növbəti görüş keçirilib. Görüşdə Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsinin ziyalılardan və nüfuzlu şəxslərdən ibarət təbliğat qrupu,səhiyyə işçiləri, ictimaiyyəti nümayəndələri iştirak ediblər.

Tədbiri YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev açaraq, Yeni Azərbaycan Partiyasının namizədi, dövlətimizin başçısı cənab İlham Əliyevin apardığı ardıcıl və sistemli islahatlardan, həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə istər regionda istərsə də bütün dünyada qazandığı uğurlardan danışıb.

Prezident cənab İlham Əliyevin həyata keçirdiyi səmərəli iqtisadi siyasətə toxunan Milli Məclisin səhiyyə komitəsi sədrinin müavini, millət vəkili Musa Quliyev bildirib ki, ötən 15 ildə ölkədə 600-dən çox tibb müəssisəsi tikilib və yaxud əsaslı şəkildə təmir edilib. Ən yüksək standartlar səviyyəsində qurulan və müasir avadanlıqla təchiz edilən bu tibb ocaqlarında müxtəlif xəstəlikləri müayinə və müalicə etmək mümkündür.Regionlarda, eləcə də Gəncə şəhərində istifadəyə verilən yeni tibb ocaqlarında əhaliyə yüksək səviyədə səhiyyə xidməti göstərilir ki, bu da Azərbaycan dövlətinin siyasətinin mərkəzində ölkə vətəndaşlarının dayandığını göstərir.

AMEA-nın akademik katibi Fuad Əliyev, YAP Gəncə şəhər Təşkilatının Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadə, Gəncə Səhiyyə İdarəsinin rəisi Əlikram Məmmədov, A.Səhhət adına şəhər xəstəxanasının baş həkimi Nazim Əhmədov, 2 saylı şəhər xəstəxanasının baş həkimi Roza Qafarova, 1 saylı şəhər poliklinikanın baş həkimin müavini Aynur Abdullayeva çıxış edərək, ölkəmizdə, eləcə də Gəncədə səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni tibb ocaqlarının tikilərək istifadəyə verilməsi, avadanlıqlarla təminatın müasir tələblər səviyyəsinə çatdırılması, yüksək ixtisaslı kadrların hazırlanması, əhaliyə tibbi xidmətin keyfiyyətinin artırılması dövlət başçısı İlham Əliyevin tibb işçiləri qarşısında qoyduğu ən vacib tələblərdən biri olduğunu diqqətə çatdırıblar.

Çıxış edən səhiyyə işçiləri bu seçkilərdə də cənab İlham Əliyevin qələbə qazanacağına kimsənin şübhə etmədiyini söyləyib, qarşıdakı 7 il ərzində daha güclü və qüdrətli Azərbaycan naminə 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsi üçün çağırış ediblər.