Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatı partiyanın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam etdirir. Növbəti görüşlər rayonun Lahıc və Bəhmətli kəndlərində keçirilib.
İlk öncə Lahız kəndində keçirilən tədbiri giriş sözü ilə açan YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov bildirib ki, Yeni Azərbaycan Partiyası dövlətçilik, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində dayanıb. Təsadüfi deyil ki, 1993-cü ildən ötən müddətdə ölkəmizdə keçirilən bütün prezident, parlament və bələdiyyə seçkilərinin qalibi YAP olub. Bu qələbələr YAP-ın cəmiyyətdəki yerinin möhkəm olduğunu, həmçinin, dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin inkişafı istiqamətində həyata keçirilən proqramların nəticəsi olaraq, xalqın bu təşkilata böyük etimad göstərdiyini təsdiq edir.
Çıxışlar zamanı sakinləri bildiriblər ki, lahıclılar hər zaman dövlətinə, onun siyasətinə sadiqdirlər. Cənab İlham Əliyevin Azərbaycanın çiçəklənməsi istiqamətində gördüyü işlər danılmaz bir faktdır.
Lahıcdan sonra növbəti görüş rayonun dilbər guşələrindən biri olan Bəhmətli kəndində baş tutub. Kəndə yüksək əhval-ruhiyyə ilə daxil olan təbliğat qrupunun üzvləri böyük coşqu ilə qarşılanıblar. Çıxış edənlər qeyd ediblər ki, Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi illər ərzində əldə edilən sosial-iqtisadi nailiyyətlər, ölkəmizdə hüquqi dövlət, vətəndaş cəmiyyətinin yaradılması prosesini sürətləndirməklə yanaşı, milli dövlətçiliyimizdə yeni-yeni ənənələrin əsasını qoyub. Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət nəticəsində Azərbaycan ilbəil güclənir, inkişaf edir və beynəlxalq müstəvidə də öz mövqeyini gücləndirir. Sakinlər bildiriblər ki, cənab İlham Əliyev Bəhmətli kəndindi 3 dəfə olub. Kənddə yeni müasir məktəb binası və elektrik yarımstansiyasının açılışında iştirak edib. Bu böyük anı bəhmətlilər heç vaxt unutmayacaq və prezident seçkilərində cənab İlham Əliyevə səs verəcəklər deyə sakinlər söyləyib.
İlkin Akifoğlu