11 aprel tarixində keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Oğuz rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri rayonun Yaqublu, Top və Zərrab, Yenikənd kəndlərindən olan seçicilərlə görüş keçiriblər.
Tədbirdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahının Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətdən və əldə olunan uğurlardan danışıb.
Rayon şöbəsinin sədri bildirib ki, Oğuz ictimaiyyəti hər zaman Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevi dəstəkləyib: "Rayon ictimaiyyəti dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasını böyük məmnunluqla qarşılayır. Oğuz seçiciləri növbəti dəfə Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevə etimad göstərəcəyini, bununla da seçicilər inkişafı, firavanlığı və sabitliyi seçmiş olacaqlar".
Seçicilər qarşısında çıxış edən rayon Ağsaqqallar şurasının sədri Cuma Cumayev, YAP Oğuz rayon təşkilatının təbliğat-təşviqat qrupunun üzvləri Rəşid Nurməmmədov, İradə Məmmədova, Anar Məcidov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələrindən bəhs ediblər. Onlar Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin növbəti dəfə inamlı qələbə qazanacağına inandıqlarını bildiriblər.
Görüşdə Yaqublu kənd ərazi ilk partiya təşkilatının sədri Arif Əliyev, kənd sakinlərindən Nurlana İsmayılova, İmran Verdiyev və digərləri çıxış edərək, Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdən, əhalinin sosial rifah halının yaxşılaşdırılmasından, ölkəmizdə və eləcə də, rayonda görülən işlərdən danışıblar. Seçicilər seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.
ZÜMRÜD