Politoloq: “Putin bir zərbədən qurtulmamış başqasına tuş gəlir" MÖVQE

28 Mart 2018 10:05 (UTC+04:00)

“Rusiya prezidenti Vladimir Putin bir zərbədən qurtulmamış başqasına tuş gəlir. Putin martın 18-də prezident seçkisində qələbə çaldı, ancaq bu qələbənin həzzini ala bilmədi. Çünki, bir tərəfdən Qərbin sərtləşən sanksiyaları, o cümlədən müxtəlif dövlətlərdən rusiyalı diplomatların qovulması, o biri tərəfədən də Kemerevo vilayətindəki dəhşətli faciə və uşaqların yanğından boğularaq həlak olmaları. Bu bir nəfərin ürək və sinir sistemi üçün ağır yükdür”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Putin faktiki təkdir, hakimiyyət komandası onun əmrlərinə tabedir, yaradıcı yanaşma yoxdur, komandadan biri vaxtında ona demədi ki, Krımı işğal etmək olmaz, bunun nəticələri Rusiya üçün ağır olacaq və ya başqası demədi ki, Amerikadakı prezident seçkisinə qarışmaq olmaz, Londonda keçmiş xəfiyyələri öldürmək olmaz: “Bunu Putinə demədiklərinə görə və Kreml sahibi də ancaq özünün beynindən çıxan qərarlarla hərəkət etidiyinə görə Qərb tərəfindən cəzalandırılır. Ona qarşı Qərbin siyasi elitası, ekspertləri və yüzlərlə beyin mərkəzi birləşib. Bir nəfər nə qədər böyük zəka sahibi olsa da, qarşısındakı zəkaların cəmi ilə mübarizədə qalib çıxa bilməz. Həmin zəkalar vaxtilə Rusiyadan da güclü SSRİ-ni çökdürmüşdülər”.