Səbailli gənclər "İlhamla İrəli!" deyir

27 Mart 2018 19:46 (UTC+04:00)

YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsi 11 aprel tarixində keçiriləcək prezident sesçkilərində prezidentliyə namizəd Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində ilk dəfə səs verən gənclərlə "İLHAMLA İRƏLİ!" şüarı ilə görüş keçirib. Görüşdə 250-dən çox gənc iştirak edib.

Görüşdə çıxış edən Milli Məclisin deputatı, YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin sədri Şəmsəddin Hacıyev bu il ilk dəfə səs verəcək gəncləri təbrik edərək, bildirib ki, ilk dəfə səs vermək və ümumxalq səsverməsində öz siyasi iradəsini nümayiş etdirmək hər bir gəncin həyatında tarixi hadisədir. İlk dəfə səs vermək nə qədər əhəmiyyətlidirsə, Cənab İlham Əliyev kimi müdrik, cəsarətli, uzaqgörən Liderə, siyasətçiyə səs vermək ikiqat şərəflidir.

Millət vəkili ölkəmizdə aparılan dövlət-gənclər siyasəti, gənclər üçün yaradılmış təhsil və iş imkanları barədə məlumat verərək, bildirib ki, Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclərə göstərilən diqqət və qayğı, bu sahədə reallaşdırılan uğurlu layihələrin sayı və miqyası günbəgün artır.

Ş.Hacıyev gəncləri seçkilərdə fəal olmağa və əldə olunan nailiyyətlərin, ölkəmizdəki ictimai-sabitliyin davamlı olması üçün, Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırdı.

Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva, YAP Nərimanov rayon gənclər birliyinin sədri Yusif Babanlı, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin məsləhətçisi, YAP Səbail rayon gənclər birliyinin sədr müavini Fərid Nəsibov, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Əvəz Bayramov, YAP Səbail rayon təşkilatının baş məsləhətçisi Bəyim Nəbiyeva və başqaları Cənab İlham Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü işlərdən danışaraq, daha qüdrətli və dinamik inkişaf edən Azərbaycan naminə gəncləri Cənab İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıblar.

Yüksək əhval-ruhiyyə ilə keçən tədbirdə Səbailli gənclər Cənab İlham Əliyevi dəstəkləyən çoxsaylı şüarlar səsləndirib və yekdilliklə Ona səs verəcəklərini bildiriblər.

NƏZAKƏT