İlham Əliyevlə möhtəşəm uğurlara!

27 Mart 2018 17:10 (UTC+04:00)

Bunu Zaqatala və Qax seçiciləri deyir

11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampanyası çərçivəsində Yeni Azərbaycan Partiyası Mərkəzmi Seçki Qərargahının Zaqatala rayon şöbəsi Lahıc və Bəhmətli kənd secicilərlə görüşlər keçirib. Görüşdə 300-ə yaxın seçici iştirak edib.

Görüşü Yeni Azərbaycan Partiyası Seçki Qərargahının Zaqatala rayon şöbəsinin sədri Habil Qurbanov açaraq, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nail olduğu möhtəşəm tarixi nailiyyətlərdən, ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə möhkəmlənməsindən, sürətli iqtisadi inkişafa nail olmasından danışıb. Qeyd edib ki, Prezident İlham Əliyev bütün fəaliyyəti dövründə Azərbaycanın milli maraqlarını, vətəndaşlarının mənafeyini müdafiə edib. Onların sosial rifah halının daha da yaxşılaşdırılması daim diqqətdə olub, uğurlu sosial siyasət həyata keçirilib. Azərbaycanın daxili imkanları genişləndikcə, sosial sahələrə də diqqət artdığını bildirən rayon təşkilat sədri ölkə daxilində görülən işlərin müasir səviyyədə həyata keçirildiyini diqqətə çatdırıb. Bu gün inkişaf və tərəqqi dövrünü yaşayan Azərbaycanda həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat ölkəmizin əsas inkişaf göstəriciləridir. H.Qurbanov bütün bu uğur və nailiyyətlərin Cənab Prezidentin rəhbərliyi ilə gerçəkləşdiyini bildirərək, seçiciləri bu firəvan həyatın davamlığı üçün bütün azərbaycanlıların lideri İlham Əliyevə səs verməyə çağırıb.

Seçicilərlə görüşdə təbliğat qrupunun üzvləri Ədalət Novruzova, Gülnigar Məmmədova, Kəmalə Əhmədova və başqaları çıxış ediblər. Bildirilib ki, hər sahədə qazandığımız uğurların təməlində Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş siyasəti dayanır.Bu gün Azərbaycan bütün dünyada demokratik, qüdrətli və öz sözünü deməyə qadir olan ölkə kimi tanınır. Xalqımız dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasını böyük məmnunluqla qarşılayır.Çıxış edənlər seçiciləri 11 aprel tarixində keçiriləcək prezident sekçkilərində fəal olmağa, Azərbaycanın işıqlı gələcəyinə Cənab İlham Əliyev səs verməyə çağırıb.

Kənd ağsaqqalları və ziyalıları kənd seçiciləri adından çıxış edərək bildiriblər ki, iqtisadi qüdrətimizin inkişafı, rifahımızın yüksəldilməsi, Azərbaycanın beynəlxalq nüfuzunun daha da gücləndirilməsi naminə Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyeva səs verəcəklər.

Qax

11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Qax rayonu üzrə seçki qərargahı təbliğat-təşviqat kompaniyasını uğurla davam etdirir. Təbliğat-təşviqat kompaniyası çərçivəsində növbəti görüş 27 mart 2018-ci il tarixdə rayonun İngiloy-Kötüklü, İbaxlı, Əlibəyli kəndlərinin seçiciləri ilə keçirilmişdir. Görüşdə rayon seçki qərargahının təbliğat-təşviqat qrupunun üzvləri iştirak etmişlər. Təbliğat qrupunun üzvlərindən Vüqar Əhmədzadə, RasimMəmmədov seçicilər qarşısında çıxış edərək bildirdilər ki, Yeni Azərbaycan Partiyasının namizədi, cənab İlham Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir. Bu gün Heydər Əliyev siyasi kursu etibarlı əllərdədir. Bu gün Azərbaycan xalqı firavan, xoşbəxt həyat sürür, dövlətimiz günü-gündən inkişaf edir, ölkəmizin hər yerində- paytaxtımızdan tutmuş ucqar kəndlərə kimi- abadlıq-quruculuq işləri gedir. Prezidentimizin də söz verdiyi kimi, yeni-yeni iş yerləri açılır, əmək haqqları artırılır, sosial layihələr həyata keçirilir. Bax, budur, Azərbaycan reallığı, budur gələcəyimizin təminatı. Bütün bunları görərək, təhlil edərək öz sabahımıza səs vermək hər birimizin borcudur. Və əminik ki, 11 apreldə xalqımızın bir parçası olan qaxlılar da partiyamızın namizədinə səs verəcəklər.

Kənd sakinlərindən Masiko Babacanaşvili, Rahilə Zeynalova, Andro Sonaşvili çıxış edərək qeyd etdilər ki, cənab Prezidentimiz son illər ərzində rayonumuza xeyli sayda səfər etmişdir. Bu səfərlər hər birimizdə xoş təəssüratlar yaratmışdır. İşinin gərgin vaxtında bizləri unutmayan və tez-tez bizim görüşümüzə gələn Prezidentimizin həmişə arxasındayıq. Özümüz və səsimiz həmişə İlham Əliyevlədir.