Xocalı seçiciləri "İlhamla irəli" deyir!

27 Mart 2018 14:06 (UTC+04:00)

Xocalılıların müvəqqəti məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində mitinq keçirilib. SİA-nın verdiyi məlumata görə, mitinqdə Milli Məslisin deputatı Elman Məmmədov, YAP Xocalı rayon təşkilatının sədri cənab Vahid Əliyev və rayon sakinləri iştirak ediblər. Mitinq iştirakçıları əvvəlcə "Heydər" parkında ucaldılan Ulu Öndərin xatirəsinə ucaldılmış büstü önünə tər çiçəklər düzüblər. Mitinq Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

YAP Xocalı rayon təşkilatının sədri V.Əliyev mitinqdə giriş sözü ilə çıxış edərək bildirib ki, Prezident seçkiləri tək Azərbaycanda deyil, dünyanın hər yerində həmin dövlətin ictimai-siyasi həyatında olduqca mühüm hadisədir. “Biz də öz dövlətimizin gələcək taleyini müəyyənləşdirəcək şəxsin seçki ilə bağlı təbliğat kampaniyasına başlamışıq”-deyə qeyd edən rayon təşkilatının sədri bildirib ki, xocalılar artıq naşı rəhbərlərin millətə gətirdiyi faciələri yaşayıblar: “Bu gün xalqın böyük inam bəslədiyi Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimiz gündən-günə qüdrətlənir, xalqımızın rifah halı yüksəlir. Əminəm ki, xalqımız və xalqımızın bir hissəsi olan xocalılar mütəşəkillik göstərərək seçkilərdə fəal şəkildə iştirak edəcək və Cənab İlham Əliyevə səs verəcəklər. Mən bir daha hər birinizi 11 apreldə keçiriləcək Prezident seçkilərində partiyamızın layiqli namizədi Cənab Prezident İlham Əliyevin lehinə səs verməyə çağırıram”.

Milli Məclisin deputatı Elman Məmmədov isə öz çıxışında Prezident İlham Əliyevin rəhbərliyi altında 2003-2018-ci illərdə Azərbaycanın möhtəşəm tarixi nailiyyətlərinə nəzər salaraq onun verdiyi sözlərin hər birinin mərhələ-mərhələ icra olunduğunu vurğulayıb və Azərbaycanın bütün sahələrdə böyük inkişafa nail olduğunu qeyd edib. O, bildirib ki, ordumuz dünyanın ən güclü orduları sırasındadır. Azərbaycanın beynəlxalq layihələrdə aparıcı rol oynaması, Avropanın enerji təhlükəsizliyində iştirak etməsi ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir: “İndi Azərbaycanın qaşısında daha böyük hədəflər vardır. Buna görə də biz 11 aprel prezident seçkilərində gələcəyimiz üçün düzgün seçim etməliyik. Prezident seçkilərində ölkəmizdə bu əmin-amanlığı, inkişafı yaratmış, Ordumuzu gücləndirib və qələbə çalmaq üçün əmrə hazır edən liderimizə səs verməliyik. Bu, Yeni Azərbaycan Partiyasının Sədri, Cənab İlham Əliyevdir”.

YAP Xocalı rayon Gənclər birliyinin sədri Aynur Abışova çıxış edərək ölkəmizdə aparılan gənclər siyasətindən, Azərbaycanın idmanda qazandığı nailiyyətlərdən danışıb. Aynur Abışova qeyd edib ki, Azərbaycan gəncliyi bütün sahələrdə təmsil olunur və uğurlar qazanır. “Gənclərimiz ölkəmizin ictimai-siyasi həyatında, demokratiyanın və sabitliyin qorunub-saxlanılmasında, inkişaf etdirilməsində iştirak edirlər”-deyə vurğulayan A.Abışova qeyd edib ki, Azərbaycan gəncliyi Ulu Öndər Heydər Əliyev irsinə sadiqdir və Cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək parlaq Azərbaycan naminə, ölkəmizin inkişafı üçün öz töhfələrini verirlər: “Bir Azərbaycan gənci kimi 11 aprel prezident seçkilərində Cənab İlham Əliyevə ona görə səs verəcəyəm ki, onun apardığı düzgün və məqsədyönlü siyasət nəticəsində işğal olunmuş torpaqlarımızı düşmən tapdağından azad edəcəyik”.

Seçki qərərgahının təbliğat qrupunun üzvü Məmməd Nağıyev çıxışında qeyd edib ki, ağı-qaradan seçməyi bacaran, haqqı-ədaləti haqsızlıqdan üstün tutan hər bir Azərbaycan vətəndaşı öz seçimini hələ 1993-cü ildə Azərbaycanın olum və ölüm qarşısında qaldığı, dövlətimizin dünya xəritəsindən silinəcək təhlükəsi olduğu bir vaxtda etmişdir: “Həmin seçimin nəticəsi olaraq bu gün Azərbaycan böyük dövlətlər arasında öz yerini tuta bilmiş, qüdrətli bir dövlətə çevrilmişdir. Prezident İlham Əliyev bütün sahələrdə Ümummilli Lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirir və gördüyü işlərlə Azərbaycanı irəliyə doğru aparır. 11 aprel prezident seçkilərində Cənab İlham Əliyevə səs verək ki, biz işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad edə bilək”.

Daha sonra Xocalı şəhər 4 saylı tam orta məktəbin təşkilatı işlər üzrə direktor müavini Şahnaz Əliyeva "Xocalının səsi" qəzetinin redaktoru Qalib Bəyməmmədoğlunun "Verək səsimizi haqqın səsinə" şeirini mitinq iştirakçıları qarşısında söyləyib.

YAP Xocalı rayon təşkilatının təşviqat qrupunun üzvü Aqil Məmmədov da çıxışışnda Azərbaycanda gedən iqtisadi inkişaf dövrünü dəyərləndirib v\ əminliklə bildirib ki, dövlətə və dövlətçiliyə sadiq olan Xocalı sakiləri həmişə olduğu ki, 11 aprel Prezident seçkilərində də fəallıq nümayiş etdirəcəklər.

Mitinq Xocalı şəhər 3 №li uşaq musiqi məktəbinin müşayiəti altında Xocalı rayon mədəniyyət işçilərinin ifa etdiyi şən musiqilərlə davam etdirilib.