Ağcabədi şəhər stadionunda Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ağcabədi rayon şöbəsinin təşkilatçılığı ilə prezidentliyə namizəd İlham Heydər oğlu Əliyevin namizədliyinin müdafiəsi kampaniyası çərçivəsində möhtəşəm mitinq-konsert keçirilib.
Tədbiri YAP Seçki Qərargahının Ağcabədi rayon şöbəsinin sədri Rövşən Əhmədov açaraq qeyd edib ki, bu gün hər bir Ağcabədi sakini, bu möhtəşəm toplantıya gələnlər üçün əlamətdardır: "Bunu sizin qəlbinizdəki inamdan, gözünüzdəki sevincdən duymaq olur. Böyük ümidləriniz, sevinciniz, alqışlarınız hər birimiz üçün əziz olan, müdrik bir insana – Cənab İlham Əliyevə olan sonsuz məhəbbətin, ehtiramın, sədaqətin ifadəsidir. Bu məhəbbəti Cənab İlham Əliyev Prezident seçildiyi ilk gündən - son 14 ildə hər gün, hər an fəaliyyəti, uzaqgörən siyasəti, xalqa – vətənə xidmətləri ilə sizin, bütün azərbaycanlıların qəlbinə həkk edib".
Ulu Öndər Heydər Əliyevin bəşəri ideyalarını uğurla davam etdirən Cənab İlham Əliyev Azərbaycanı sosial-iqtisadi cəhətdən sürətlə inkişaf edən ölkəyə çevirməklə bərabər, beynəlxalq aləmdə nüfuzumuzu yüksəldib. Məhz buna görə də Cənab İlham Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzolunmaz fəaliyyəti, hesabagəlməz xidmətləri nəzərə alınaraq Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyi irəli sürülüb və sözsüz ki, bu təklif bütün xalqın, dövlətimizi azad və xoşbəxt görmək istəyən hər bir kəsin ürəyindəndir. Təbii ki, İlham Əliyevin namizədliyinin müdafiə edilməsi dövlətimizin daxili və xarici siyasətinin, inkişafımızın, xoşbəxt həyatımızın, gələcək nailiyyətlərimizin, hərbi qüdrətimizin, sabitliyimizin, elmimizin, təhsilimizin, səhiyyəmizin, milli-mənəvi dəyərlərimizin müdafiə edilməsi deməkdir. Bütüt bu gerçəkliklərə rəğmən rayon təşkilat sədri ağcabədililəri 11 aprel tarixində keçiriləcək Prezident sekçkilərində fəal olmağa, Azərbaycanın işıqlı gələcəyinə Cənab İlham Əliyev səs verməyə çağırdı. Görüş konsert proqramı ilə davam etdi.
ZÜMRÜD