Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsi 11 aprel tarixində keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Binəqədi rayon seçicilərilə görüşlər keçirilib.
Görüşlərdə çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev uzaqgörən siyasəti və xalqımıza olan sevgisi sayəsində ölkəmizi məhv olmaq təhlükəsindən xilas edib. R.Göyüşov, həmçinin Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 15 il ərzində əldə olunan uğurlardan ətraflı danışıb. Təşkilat sədri bütün bu uğurların fonunda dövlət başçısı Cənab İlham Əliyevin yüksək etimad və etibara layiq olduğunu söyləyərək, seçiciləri qarşıdan gələn prezident seçkilərində YAP-ın namizədi, milli maraqlarımızın təminatçısı, Ümummilli Lider Heydər Əliyev ideyalarının layiqli davamçısı Cənab İlham Əliyevə səs verməyə çağırıb.
YAP Binəqədi rayon təşkilatının idarə heyətinin üzvü Mürsəl Əliyev çıxışında Cənab İlham Əliyevin siyasi xəttinin əsasının, məhz dövlətimizin və xalqımızın təhlükəsizliyinin təmin olunması, onun maraq və mənafeyinin qorunmasının olduğunu söyləyib. O, seçicilərə səslənərək, onları 11 aprel tarixində keçiriləcək prezident seçkilərində Cənab İlham Əliyevə səs verməyə çağırıb.
Görüşlərdə çıxış edən Milli Məclisin deputatı Madar Musayev ölkə Prezidenti Cənab İlham Əliyevin Azərbaycana prezidentlik etdiyi son 15 il ərzində ölkəmizin misli görülməmiş qədər inkişaf etdiyini söyləyib. Azərbaycanı inkişaf göstəricilərinə görə Cənubi Qafqazın ən güclü ölkəsi olmasından və ölkəmizin beynəlxalq arenadakı yüksək nüfuzundan bəhs edib. Bildirib ki, dövlət başçısı Cənab İlham Əliyevin növbəti illərdə də Azərbaycana rəhbərlik etməsi ilə inkişaf və tərəqqimizin daha da artacağını, ölkəmizin daha yüksək qələbələrə imza atacağını nəzərə çatdırıb. Bütün seçiciləri növbəti prezident seçkilərinə gedərək, yekdilliklə Cənab İlham Əliyevə səs verməyə və dəstək olmağa səsləyib.
Milli Məclisin komitə sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov çıxışında 1990-cı illərin əvvəllərindəki tarixi, ictimai-siyasi vəziyyətə nəzər salıb. Qeyd edib ki, ölkəmiz o zamankı səriştəsiz və yarıtmaz qüvvələrin rəhbərliyi altında böyük uçuruma sürüklənmişdi. Dövlətçiliyimiz təhlükə altına salınmış, torpaqlarımız işğal olunmuş, vətəndaş müharibəsi az qala bütün ölkəni cənginə almışdı: "Xalqımız düşdüyü bu çətin və amansız vəziyyətdən çıxış yolunu tapmağa çalışır və ölkəmizi xilas etməyin yollarını axtarırdı. Təbii ki, belə bir vəziyyətdə böyük və müdrik siyasi liderə, şəxsiyyətə ehtiyac duyulurdu. Bu zaman bütün Azərbaycan xalqının seçimi, məhz Ulu Öndər Heydər Əliyev oldu. Onun uzuqgörən siyasəti, yüksək vətənpərvərliyi, dövlətinə və xalqın bəslədiyi sonsuz məhəbbəti xalqımızın Ona ümid etməsinə, pənah aparmasına əsaslı səbəb oldu. Beləliklə, Ulu Öndər Heydər Əliyev xalqımızın tələbi və xahişi ilə yeni siyasi partiyanın yaranmasına və ona rəhbərlik etməyə razılıq verdi, sonrakı illərdə isə xalqın istəyi ilə Prezident seçildi. O vaxtdan ötən müddət ərzində bu uğurlu siyasi xəttin həyata keçirilməsi və bu gün dövlət başçısı Cənab İlham Əliyev tərəfindən davam edirilməsi hərtərəfli inkişafımızın əsl zəmanətinə çevrildi. E.İbrahimov ölkə Prezidenti Cənab İlham Əliyevin siyasi rəhbərliyi sayəsində işğal altındakı torpaqlarımızın tezliklə işğaldan azad olunacağına əminliyini bildirib. Bütün seçiciləri növbəti prezident seçkilərində Cənab İlham Əliyevə səs verməyə çağırıb.
Görüşdə çıxış edən seçicilər inkişafa, tərəqqiyə, uğura, sabitliyə, təhlükəsizliyə - Cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
ZÜMRÜD