Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının şəhər və rayon şöbələri prezident seçkisi ilə bağlı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirirlər. SİA-nın verdiyi məlumata görə, möhtəşəm tədbirlərdən biri də YAP Qaradağ rayon təşkilatının təşkilatçılığı ilə Lökbatan qəsəbəsində keçirilib.
Tədbirdə Lökbatan qəsəbəsinin seçiciləri, YAP-ın təbliğat-təşviqat qrupunun üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak ediblər.
YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov Partiyanın Sədri, Azərbaycan Respublikası Prezidentliyinə namizəd İlham Əliyevin seçki kampaniyası çərçivəsində növbəti görüşün Lökbatanda keçirilməsini bir ictimai sifariş olduğunu, seçicilərin İlham Əliyevə özlərinin dəstək verməsinin bir ifadəsi olduğunu qeyd edib: “Azərbaycanı düşünən, sevən hər bir insan bilir ki, bu gün Prezident İlham Əliyevin apardığı siyasət Heydər Əliyev siyasətinin davamıdır. Əgər istəyiriksə ki, balalarımız, nəvələrimiz firavan, stabil bir ölkədə yaşasın, qan-qadadan uzaq olsun, hər kəs cənab İlham Əliyevin namizədliyini dəstəkləməlidir. Cənab İlham Əliyevin gördüyü işlər göz qabağındadır. Ona görə də, prezident seçkilərində cənab İlham Əliyevin alternativi yoxdur. Biz cənab İlham Əliyevə səs verməklə Azərbaycanın firavanlığına, stabilliyinə səs verəcəyik".
Sonra çıxış edən Milli Məclisin üzvü Mixail Zabelin bildirib ki, ölkə seçicilərinin böyük əksəriyyəti qarşıdan gələn prezident seçkilərində ölkəmizin dinamik inkişafını təmin edən ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycana beynəlxalq aləmdə böyük nüfuz qazandıran cənab İlham Əliyevin namizədliyini dəstəkləyir, cəmiyyətimizin bütün üzvlərini onun ətrafında sıx birləşməyə çağırırlar: “Azərbaycan inkişaf edir, ölkədə sabitlik mövcuddur. Prezident İlham Əliyev hələ uzun müddət bu uğurlu yolu davam etdirəcək. Azərbaycanın dünya arenasında nüfuzunun daha da artırılması üçün böyük, yorulmaz dövlət xadimi lazımdır və cənab İlham Əliyev də məhz belə şəxsiyyətdir. Azərbaycan xalqını, Qaradağ rayon sakinlərini bir daha prezident seçkilərində cənab İlham Əliyevi dəstəkləməyə dəvət edirik".
Tədbirdə çıxış edən digər natiqlər də İlham Əliyevin 15 illik prezidentliyi dövründə ölkəmizin dinamik inkişaf etdiyini və bu inkişafın davamlı olmasını təmin etmək üçün seçkilərdə İlham Əliyevə səs verəcəklərini bildiriblər.