Dövlət başçısı İlham Əliyev İmişli rayonunda yeni tikilmiş evlərin açılışında iştirak edib

2 Noyabr 2010 03:23 (UTC+04:00)

Bu ilin aprel-may aylarında Kür və Araz çaylarının daşması nəticəsində yaranan təbii fəlakət zamanı İmişli rayonu ərazisində evləri dağılan vətəndaşlar üçün təzə evlər tikilib.

SİA-nın məlumatına görə, noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İmişli rayonunun Allahmədətli kəndində yeni evlərin açılışında iştirak edib.

Dövlətimizin başçısı əvvəlcə evlərdə yaradılmış şəraitlə tanış olub.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov məlumat verib ki, ümumi sahəsi 40 hektar olan kənddə iki, üç və dördotaqlı 104 fərdi ev inşa olunub.

Bundan başqa, 132 yerlik məktəb binası, poçt şöbəsi, klub, kitabxana, tibb məntəqəsi, yarımstansiya tikilmiş, içməli su təmizləyən qurğu quraşdırılmış, park salınıb.

Dövlətimizin başçısı sakinləri təbrik edib.

Qələndar Qaraxanov sakinlər adından dövlətimizin başçısına diqqət və qayğıya görə minnətdarlıq edib.

Prezident İlham Əliyevə Zərdab və Kürdəmir rayonlarında aparılan tikinti işləri barədə də məlumat verilib.

Dövlətimizin başçısı Allahmədətli kənd orta məktəbinin yeni binasında yaradılmış şəraitlə tanış olub.