Millət vəkili: “Artıq hamı bilir ki, kimə səs verilməlidir" MÜNASİBƏT

26 Mart 2018 14:15 (UTC+04:00)

“Seçkiqabağı xaricdən sosial şəbəkələrdə ölkəmizin və müəyyən şəxslərin ünvanlarına ittihamların artması gözlənilən idi. Çünki bu gün güclənən və inkişaf edən sabitlik məkanına çevrilmiş Azərbaycanı hamı eyni şəkildə qəbul etmir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, bəzi dairələr var ki, ölkəmizə qısqanclıqla yanaşır və hər bir fürsətdən istifadə edərək ölkəmizin imicinə ləkə yaxmaq istəyirlər: “Onlar müəyyən adamlar tapıb onların maliyyələşməsini aparırlar. Belə adamlar xaricdə sığınaraq öz dolanışıq mənbəyini həmin dairələrdən aldıqları vəsaitlər üzərində quraraq sosial şəbəkələrdə müəyyən tapşırıqların icarçısıdırlar. Onlar ölkəmizdə təmin olunmuş söz azadlığı və mətbuat azadlığından maksimum dərəcədə sui-istifadə edərək öz fəaliyyətlərini qurublar. Amma bu heç də o demək deyil ki, onların ittihamları həqiqəti əks etdirir. Bu ittihamların yalan olduğunu Azərbaycanın hər bir vətəndaşı çox yaxşı bilir və belə aldadıcı ittihamları gülünclə qarşılayırlar. Bu gün ölkəmizdə seçkilər yüksək şəkildə təşkil olunur və hər bir Azərbaycan vətəndaşı demokratik şəraitdə öz prezdentini seçəcəkdir.

Artıq hamı bilir ki, kimə səs verilməlidir, kimin dalınca getməlidir və Azərbaycanın işıqlı gələcəyinin qurucusu kim ola bilər. Təbii ki, bu cənab İlham Əliyevdir və hamı İlhamla irəli getmək arzusundadır. Qaldıkı bədniyyətli dairələr və onların xidmətçilərinə, onlar da seçki prosesi başa çatandan sonra sakitləşəcəklər”.