Macarıstanın Szent İstvan Universitetinin doktorantı, Xəzər Təhsil Mərkəzinin təsisçisi Raqif Hüseynov qarşıdan gələn prezident seçkiləri, seçkiöncəsi Azərbaycandakı ictimai-siyasi vəziyyətlə bağlı sechki-2018.az saytına müsahibə verib. Müsahibəni təqdim edirik:
- Raqif müəllim, xaricdə yaşamağınıza baxmayaraq, fəal azərbaycanlı kimi Azərbaycandakı seçki hazırlıqlarını da yaxından izləyirsiniz. Hazırda ölkəmizdəki seçki mühiti kənardan necə görünür?
- Azərbaycan demokratik, sivil, hüquqi dövlətdir. Ölkədə xalqın əhval-ruhiyyəsi qarşıdan gələn prezident seçkilərinə köklənib. Xalqın milli maraqlarının qorunması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi, vətəndaşların öz iradəsini tam sərbəst şəkildə ifadə etməsi üçün ölkədə əvvəlki seçkilərdə olduğu kimi tam şəffaf, demokratik qaydalara uyğun azad seçki mühiti formalaşıb. Azərbaycanın beynəlxalq müstəvidə imicinin artması, siyasi ab-hava, iqtisadiyyatın dinamik inkişafı, əhalinin rifahının yüksəlməsi, bölgələrin sosial-iqtisadi yüksəlişi, sabitlik, əmin-amanlıq istənilən seçkidə xalqın böyük fəallıq nümayiş etdirəcəyini deməyə əsas verir.
- Qeyd etdiyiniz kimi, bu gün Azərbaycanın beynəlxalq müstəvidə özünəməxsus mövqeyi var. Ölkəmiz regionun lider dövlətidir. Bu baxımdan, Azərbaycanda keçiriləcək seçkilər region üçün hansı əhəmiyyətə malikdir?
- Bu gün Cənubi Qafqazın əsas güc mərkəzi olan Azərbaycan, eyni zamanda, regionun ən demokratik ölkəsinə çevrilib. Azərbaycanda prezident seçkiləri gözlənildiyi kimi, təkcə regionda deyil, bütün dünyada maraqla izlənilir. Yaxın qonşularla yanaşı, xarici ölkələrinin kütləvi informasiya vasitələri bu məsələyə geniş yer ayırır. Bu gün Azərbaycan Cənub Qaz Dəhlizi, TANAP, TAP, Bakı-Tbilisi-Qars, Şimal-Cənub Nəqliyyat Dəhlizi kimi böyük və mühüm beynəlxalq layihələrin reallaşmasında aparıcı qüvvədir. Azərbaycanın iştirakı olmadan regionda hər hansı layihənin reallaşması mümkünsüzdür. Həmçinin bu gün ölkəmiz mühüm beynəlxalq tədbirlərin, mötəbər idman yarışlarının keçirildiyi məkandır. Buna görə də Azərbaycanda keçiriləcək prezident seçkiləri ölkənin özü ilə yanaşı, bütövlükdə region, dünya üçün də olduqca əhəmiyyətli hadisədir.
- Müxtəlif siyasi şərhçilər seçkilərdən sonra ölkəmizdə siyasi və iqtisadi islahatların yeni mərhələsinin başlayacağını ehtimal edirlər. Siz necə düşünürsünüz, bu seçkilər Azərbaycanın tarixində hansı rol oynayacaq?
- Bu gün Azərbaycan öz inkişaf yolu ilə gedir, ölkəmizdə vətəndaş həmrəyliyi mövcuddur. Azərbaycan dünyada nümunəvi ölkə kimi mövqeyini möhkəmləndirir. Azərbaycanda demokratik prinsiplərin bərqərar olması, sabitlik, qazanılan nailiyyətlər seçkidən-seçkiyə seçicilərin fəallığının artması ilə müşahidə olunur. Ölkəmizin qazandığı bu uğurlar qarşıdan gələn prezident seçkilərinin ən yüksək meyarlara uyğun keçirilməsinə zəmin yaradıb. İndiyə qədər reallaşdırılan seçkilərdə əldə olunan təcrübə qarşıdan gələn seçkiləri də ən yüksək səviyyədə başa çatdırmağa şərait yaradacaq.
Azərbaycanda iqtisadi-siyasi islahatların, iqtisadiyyatın şaxələndirilməsinin şahidiyik. Düşünürəm ki, seçkilər həm siyasi, həm də iqtisadi islahatların daha da sürətlənməsi istiqamətində yeni bir prosesin başlanğıcı olacaq. Aparılacaq islahatlar isə dövlətin daha da güclənməsinə təkan verəcək. Ümumilikdə, 11 aprel Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı olacaq.